Finss.az - Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi ilə bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, ölkədəki dini konfessiyaların fəaliyyətini dəstəkləmək, dinlərarası həmrəyliyi inkişaf etdirmək, dini maarifləndirmə işini müasir tələblərə uyğun qurmaq və mütərəqqi mənəvi-əxlaqi dəyərləri təbliğ etmək məqsədilə Azərbaycanda dini qurumlara maliyyə yardımı ayrılacaq.
2025-ci ilin dövlət büdcəsindən Qafqaz Müsəlmanları İdarəsinə 3 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasına 350 min manat, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasına 350 min manat, Avropa Yəhudilərinin Bakı dini icmasına 350 min manat, Sefarad Yəhudilərinin Bakı dini icmasına 350 min manat, Azərbaycan Katolik Kilsəsinin Apostol Prefekturasına 350 min manat, Alban-Udi xristian dini icmasına 350 min manat, həmçinin digər qeyri-İslam dini icmalarına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fonduna 350 min manat ayrılacaq.
Maliyyə Nazirliyinə bu maliyyələşmənin təmin edilməsi tapşırılıb.