RƏSMİ

15 Yanvar

Azərbaycanda neft-kondensat hasilatı 29,1 milyon ton olub

Finss.az - 2024-cü ildə operativ məlumatlara əsasən, Azərbaycanda neft-kondensat hasilatı 29,1 milyon ton, ixracı isə 24,4 milyon ton olub.

Bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.

Nazirin verdiyi məlumata görə, ötən il 2023-cü illə müqayisədə qaz hasilatında artım müşahidə olunub. Belə ki, 2024-cü ildə 50,3 milyard kubmetr qaz hasil edilib ki, bu da əvvəlki illə müqayisədə 2 milyard kubmetr çoxdur. Həmin qazın 25,2 milyard kubmetri ixrac olunub.

Hazırda Azərbaycandan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən neft və "Şahdəniz" yatağından hasil edilən kondensat nəql olunur. Bununla yanaşı, Türkmənistan və Qazaxıstandan hasil edilən neft də bu boru kəməri vasitəsilə nəql edilir.

Təbii qaz isə əsasən Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə Türkiyəyə ilk qaz 2007-ci ildə nəql edilib. TANAP vasitəsilə isə kommersiya qazının nəqlinə 2018-ci il iyunun 30-da başlanılıb. Azərbaycanın "Şahdəniz" yatağından hasil edilən təbii qaz hazırda Türkiyə bazarına ən mühüm enerji mənbələrindən biri kimi çıxış edir.