Milli Məclisin Mədəniyyət Komitəsi regionlarda fəaliyyət göstərən kitabxana, muzey, musiqi məktəbləri və mədəniyyət mərkəzlərinin rəhbərlərini parlamentə dəvət edəcək.
Finss.az xəbər verir ki, bu barədə Mədəniyyət Komitəsinin sədri Polad Bülbüloğlu dekabrın 17-də keçirilən iclasda məlumat verib. O, bu təsisatlarda mövcud vəziyyətlə yaxından tanış olmaq və rəhbərlərin təkliflərini dinləmək niyyətində olduğunu bildirib. Həmçinin, Mədəniyyət Nazirliyinin rəhbərliyinin bu məsələdə parlamentə dəstək göstərməyə hazır olduğu qeyd edilib.
Mədəniyyət Komitəsi rəqqasların peşə fəaliyyətinə uyğun şəkildə erkən təqaüdə çıxmasını təmin etmək üçün qanunvericilik dəyişiklikləri üzərində işləyir.
Polad Bülbüloğlu bildirib ki, əvvəllər rəqqaslar 20-22 il iş stajından sonra təqaüdə çıxa bilirdilər, lakin hazırda bu yaş həddi 60-65-ə qədər artırılıb. Komitə hazırda bununla bağlı təkliflər hazırlayır və gələn il məsələni müzakirəyə təqdim etməyi planlaşdırır.
Sədr qeyd edib ki, rəqqaslar göstərdikləri fəaliyyətə uyğun şəkildə təqaüd almalıdırlar.