RƏSMİ

16 Dekabr

Prezident: Bakıda yeni katolik kilsəsinin tikintisi başlayır

Bakıda yeni katolik kilsəsinin tikintisi Azərbaycanla Müqəddəs Taxt-Tac arasında əlaqələrin möhkəmlənməsinin rəmzinə çevriləcək.

Finss.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallager ilə görüşündə bildirib.

Dövlət başçısı Azərbaycanın multikulturalizm ənənələrini vurğulayaraq, ölkədə müxtəlif xalqların və konfessiyaların nümayəndələrinin daim sülh, əmin-amanlıq və harmoniya şəraitində yaşadığını qeyd edib. Prezident bunun dövlət siyasəti ilə xalqın ənənəvi həyat tərzinin vəhdətindən qaynaqlandığını bildirib.

Prezident İlham Əliyev əlavə edib ki, ölkəmizdə müxtəlif millətlərin və dinlərin nümayəndələrinin dostluq və mehribanlıq şəraitində yaşaması Azərbaycanın gücünü artırır, sabitliyin və cəmiyyətin ahəngdarlığının təmin olunmasına xidmət edir.

Dövlət başçısı Azərbaycanın beynəlxalq səviyyədə dinlər və mədəniyyətlərarası dialoqa verdiyi töhfələri də xatırladıb. O, ölkədə mütəmadi olaraq bu mövzuda keçirilən beynəlxalq tədbirləri məmnunluqla vurğulayıb.