Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” işçi qrupunun fəaliyyəti çərçivəsində “Sağlamlaşdırma və müflisləşmə haqqında” yeni qanun layihəsinin hazırlanması üzrə tematik qrupunun hibrid formatda növbəti iclası keçirilib.
Finss.az xəbər verir ki, iclasda Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, həmin nazirlik yanında Dövlət Vergi Xidməti, Mərkəzi Bankı və Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin nümayəndələri iştirak edib.
Tematik qrupun rəhbəri Ədliyyə Nazirliyinin Qanunvericilik Baş idarəsinin rəis müavini Səkinə Əliyeva iclası açıq elan edərək, biznesin müflisləşməsi sahəsində beynəlxalq ekspertin cəlb edilməsi ilə hazırlanmış yeni “Sağlamlaşdırma və müflisləşmə haqqında” qanun layihəsinin yekunlaşdırılması məsələsinin müzakirə ediləcəyini qrup üzvlərinin diqqətinə çatdırıb.
Müzakirə zamanı yeni qanun layihəsinin çox geniş və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış əhatəli sənəd olduğu vurğulanıb.
Sözügedən normativ-hüquqi aktın Azərbaycan Respublikasının qanununvericilik tələblərinə və milli hüquq ənənələrinə uyğunlaşdırılması üçün Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsi tərəfindən hər bir maddəyə baxılmasının vacibliyi bildirilib.
Sonda tematik qrup tərəfindən növbəti iclasda Ədliyyə Naziriliyinin Qanunvericilik baş idarəsi tərəfindən qanun layihəsinə müvafiq düzəlişlər edildikdən sonra sənədə baxılması və “Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Biznesin müflisləşməsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə” Yol Xəritəsində qeyd olunmuş digər məsələlərin müzakirəsinin həyata keçirilməsi barədə qərar verilib.