Minik avtomobili verilmiş şəxs vəfat etdikdən sonra avtomobil onun ailə üzvündən birinin adına keçirilməklə qeydiyyatdan çıxarılır və vəfat etmiş Şəxsin ailəsinin mülkiyyətinə verilir.
Fins.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovunun “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na dəyişiklik edilməsi bağlı imzaladığı qərarda bildirilib.
Qeyd edilib ki, minik avtomobili almış ailəsi (ər-arvad, valideynlər və uşaqlar) olmayan Şəxs vəfat etdikdə, minik avtomobili Sosial Xidmətlər Agentliyi tərəfindən götürülür və növbəlilik siyahısındakı ardıcıllığa uyğun olaraq digər şəxsə verilir.
Şəxsə verilmiş təkərli oturacaqlar istifadə müddəti başa çatmamışdan əvvəl yararsız vəziyyətə düşdükdə, Şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında Mərkəzin tibbi-texniki komissiyası tərəfindən həmin reabilitasiya vasitələrinə 3 (üç) iş günü müddətində texniki baxış keçirilir, təmiri mümkün olduqda Mərkəzin tibbi-texniki komissiyasının qərarı əsasında təmir olunur və ya bu “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın əlavəsi ilə müəyyən edilmiş təmir müddətlərində təmiri mümkün olmadıqda Mərkəzin tibbi-texniki komissiyasının aktı və Agentliyin qərarı əsasında Mərkəz tərəfindən yenisi ilə əvəz olunur.