Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavini Nəsir Sadıqovun rəhbərlik etdiyi nümayəndə heyəti 16-19 iyun tarixlərində Braziliyanın Belem şəhərində keçirilən Ali Audit Orqanlarının (AAO) 3-cü SAI20 Sammitində (SAI20) ev sahibliyini həyata keçirən ölkənin dəvəti əsasında iştirak edib.
Fins.az xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin də geniş təqdimatla çıxış etdiyi tədbirin yekununda Birgə Kommunike qəbul olunub. Bu sənəddə İqlim Maliyyəsi və Enerji Keçidləri, Aclıq və Yoxsulluqla Mübarizə ilə bağlı əsas məsələlər üzrə 20 AAO-nun kollektiv mövqeyi və tövsiyələri əksini tapıb.
Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov INTOSAI-ın və Braziliya Hesablama Məhkəməsinin prezidenti Bruno Dantasla görüşüb, qurumlar arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Görüş zamanı Bruno Dantas ölkəmizin COP29-a ev sahibliyi ilə bağlı təbriklərini çatdırıb və Bakıya səfərini səbrsizliklə gözlədiyini qeyd edərək gələn il COP30 tədbirinin məhz Belem şəhərində keçirilməsinin planlaşdırıldığını vurğulayıb.
Öz növbəsində Hesablama Palatasının sədr müavini Braziliya tərəfinə Hesablama Palatasını müxtəlif beynəlxalq təşkilatlarda dəstəklədiyinə görə təşəkkürünü çatdırıb və əlaqələrimizin inkişafının davam etdirilməsinin zəruriliyini bildirib.
Qeyd edək ki, dünyada nüfuzlu təşkilat olan SAI20 G20-yə üzv ölkələrin AAO-ları arasında əməkdaşlığın gücləndirilməsində həlledici rol oynayır, qlobal idarəçilikdə şəffaflıq, hesabatlılıq və effektivliyi təşviq etmək öhdəliyi daşıyır.
Fuad Mədətov
Fins.az