Azərbaycan parlamenti olaraq Asiya Parlament Assambleyasına (APA) mühüm çərçivə kimi baxırıq.
Fins.az xəbər verir ki, bunu Azərbaycan parlamentinin sədri Sahibə Qafarova fevralın 22-də Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxışı zamanı deyib.
Sədrin sözlərinə görə, bu gün APA-nın fəaliyyəti siyasi, iqtisadi, sosial, mədəni və digər mühüm sahələri əhatə edir:
"Parlamentlərimizi bir araya gətirməklə ölkələrimizin səylərini ümumi məqsədlər üçün daha da səfərbər edirik. Eyni zamanda, bu məqsədlərə nail olmaq üçün parlament bu işə öz töhfəsini verir.
Azərbaycan parlamenti olaraq APA-ya mühüm çərçivə kimi baxırıq. Bu, bizim parlamentlərarası dialoqumuzu dərinləşdirməyə birgə istəyimizi əks etdirir. İnanıram ki, təşkilatın institusional potensialının inkişafı əməkdaşlığımızı daha da gücləndirəcək".
"APA-nın Nizamnaməsi ilə tənzimlənən mövcud orqanların fəaliyyətinin gücləndirilməsi və səmərəliliyinin artırılması ilə Assambleyanın işi daha da gücləndirilə bilər. Yeni mexanizmlərin yaradılması da işimizi xeyli zənginləşdirəcək", - S.Qafarova əlavə edib.
S.Qafarova bildirib ki, Azərbaycan Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir.
O qeyd edib ki, ölkələr və regionun rifahı naminə əməkdaşlığı daha da artıra və ümumi inkişaf məqsədlərinə çatmağa imkan yarada biləcək mühüm sahələr var.
"Onlardan biri nəqliyyat əlaqəsidir. Nəqliyyat infrastrukturuna böyük investisiyalar yatırılması nəticəsində Azərbaycan Avrasiyanın nəqliyyat və logistika qovşaqlarından birinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycandan keçir. Azərbaycanın infrastrukturu bütün Asiya ölkələri üçün əlçatandır. Bu sahədə əməkdaşlığın genişləndirilməsi ölkələrimiz arasında iqtisadiyyat və ticarət əlaqələrini mütləq inkişaf etdirəcək".
S.Qafarova eyni zamanda, təmiz ətraf mühit və yaşıl inkişafın Azərbaycanın davamlı inkişaf gündəliyinin əsas prioritet sahələrindən biri olduğunu deyib.
"Azərbaycan həmçinin 2030-cu ilədək dünyada bərpa olunan enerji potensialının üç dəfə artırılması və enerji səmərəliliyinin ikiqat artırılması üzrə Qlobal Sazişə qoşulub. Azərbaycan beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-un ev sahibi ölkə seçilib. Bu, Azərbaycanın iqlim dəyişikliyi sahəsində beynəlxalq səyləri dəstəkləmək öhdəliyinin təsdiqidir", - deyə sədr əlavə edib.