Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Şəkəri azalt, ömrünü uzat!” kampaniyasını davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Milli Məclisin deputatı, Əməkdar həkim Rəşad Mahmudov da kampaniyaya qoşulub.
Ürək-damar cərrahı R.Mahmudov agentliyin “Şəkəri azalt, ömrünü uzat!” kampaniyasına dəstək olaraq etdiyi videomüraciətdə vurğulayıb ki, ölkəmizdə adambaşına düşən gündəlik şəkər istehlakı Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunan normadan 3 dəfədən də çoxdur. Şəkərin normadan artıq qəbul edilməsi isə müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Əməkdar həkim bu halın qarşısını almaq üçün hər kəsi kampaniyaya qoşulmağa, istehlak edilən şəkərin miqdarını azaltmağa, daha sağlam və təhlükəsiz ömür sürməyə çağırıb.
Qeyd edək ki, “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası əhali arasında sağlam həyat tərzinin təbliğ olunması və vətəndaşların sağlam qidalanmaya, o cümlədən şəkərin normaya uyğun qaydada istehlak edilməsinə təşviq olunması məqsədilə həyata keçirilir.
Kampaniyaya qoşulanların sayının artması ilə yanaşı, AQTA bu məsələ ilə əlaqədar aparılan təbliğat-təşviqat işlərini daha da genişləndirir. Maarifləndirici məlumatlar, bukletlər və videoçarxlar hazırlanaraq ictimaiyyətə təqdim olunur. Müxtəlif televiziya və radio verilişlərində agentliyin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssislərinin, həmçinin həkimlərin, ekspertlərin, qida mühəndislərinin və diyetoloqların iştirakı ilə müzakirələr aparılır.