21 Oktyabr

Yaponiya tarixində ilk qadın baş nazir o oldu

Yaponiya parlamentinin aşağı palatası Liberal Demokrat Partiyasının (LDP) sədri Sanae Takaiçini ölkənin 104-cü baş naziri seçib.

 

Sfera.az xəbər verir ki, o bu vəzifəyə gələn ilk qadın kimi tarixə düşüb. Takaiçi səsvermənin birinci turunda 465 səsdən 237-ni toplayaraq rəqibi, Konstitusiyalı Demokrat Partiyasının lideri Yoşihiko Nodanı (149 səs) geridə qoyub. Seçkidən öncə LDP, Takaiçinin qalibiyyətini təmin edən Yaponiya Yeniləmə Cəmiyyəti ilə ittifaq qurub. Yeni hökumətin gün ərzində formalaşacağı bildirilir. Mətbuata görə, keçmiş baş nazir Toşimitsu Moteqi xarici işlər naziri, 44 yaşlı Şinjiro Koizumi isə müdafiə naziri postuna təyin oluna bilər. 64 yaşlı Takaiçi mühafizəkar baxışları ilə tanınır.

 

O, eynicinsli nikahların qanuniləşdirilməsinə və qadın imperator varisliyinə qarşı çıxır. Həmçinin Konstitusiyanın ordunun yaradılmasını qadağan edən 9-cu maddəsinə yenidən baxılmasının tərəfdarıdır. Takaiçi Asiyada militarizmin simvolu sayılan Yasukuni məbədini dəfələrlə ziyarət edib və millətçi “Nippon Kaigi” təşkilatının fəal üzvüdür. Adıçəkilən şəxs hazırda Rusiya sanksiyaları siyahısındadır. Ekspertlər hesab edir ki, Takaiçinin hakimiyyəti dövründə Yaponiyanın siyasi kursunda ciddi dəyişiklik gözlənilmir. O, seçki kampaniyası zamanı Yaponiya–ABŞ alyansının gücləndirilməsini və ölkənin müdafiə qabiliyyətinin artırılmasını əsas prioritet kimi göstərib.

 

Niyaz Hacıyev

Sfera.az