20 Oktyabr

Bu əlamətlər varsa, dabaq xəstəsisiniz - XƏBƏRDARLIQ

Azərbaycanda dabaq (ağız və dırnaq xəstəliyi) virusunun bir neçə bölgədə yayılması ilə bağlı tədbirlər gücləndirilib. Artıq bir sıra rayonlarda heyvan bazarlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər qoyulub. Bu qərar həm xəstəliyin yayılmasının qarşısını almaq, həm də insanlara yoluxma riskini minimuma endirmək məqsədi daşıyır.

 

Lakin yaranmış vəziyyət ət bazarında qiymətlərin dəyişməsi ilə bağlı suallar doğurur: yaxın günlərdə qiymət artımı, yoxsa azalma gözlənilir?


Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Sfera.az-a açıqlamasında bildirib ki, heyvan bazarlarının bağlanması və xəstəliklərin artması ət qiymətlərinə təzyiq göstərə bilər:

 


“Məntiqlə, əgər mal-qaranın sayı onsuz da azalırsa, bu, qiymət artımı üçün ciddi faktora çevriləcək. Son 5 ilin statistikasına baxsaq, iribuynuzlu mal-qaranın sayı 280-300 min baş, ümumilikdə isə 2 milyona yaxın azalıb. Bu, təbii ki, təklifin azalması və qiymətlərin artması deməkdir. Onsuz da ətin qiyməti Azərbaycanda son aylarda kəskin artıb və bu artım artıq vətəndaşların gündəlik həyatında hiss olunur. Əgər dabaq xəstəliyi geniş yayılarsa və həm iri, həm də xırdabuynuzlu mal-qaranın azalmasına səbəb olarsa, bu proses ətin qiymətində yeni bahalaşmanı sürətləndirə bilər”.


Xəstəlik insanlara necə keçir və ondan necə qorunmaq olar?


Dabaq xəstəliyi ilə bağlı infeksionist Etibar Süleymanov bildirib ki, bu virus kəskin yoluxucu xəstəliklər qrupuna daxildir və zoonoz infeksiyalara, yəni heyvanlardan insanlara keçən viruslara aiddir.

 

 

“Dabaq əsasən heyvanlar arasında yayılır, lakin insana da keçə bilər. İnsandan insana yoluxma halları qeydə alınmayıb. Virus daha çox xəstə heyvanların sidiyi, ağız seliyi və digər ifrazatlarının ətraf mühitə yayılması nəticəsində insan orqanizminə daxil olur. Ən çox risk heyvanlarla birbaşa təmasda olan şəxslər zootexniklər, baytarlar və fermerlər üçün yaranır”.


Mütəxəssisin sözlərinə görə, virus hava-damcı yolu ilə də keçə bilər, lakin bu, nisbətən nadir hallarda baş verir. Əsas yoluxma mənbəyi tam bişməmiş ət və süd məhsullarıdır:

 

“Virus 60°C-yə qədər istiliyə davamlıdır. Qaynama temperaturunda tam məhv olmur, buna görə süd və ət məhsulları mütləq yaxşı bişmiş şəkildə istifadə edilməlidir. Ən çox inək, qoyun, keçi, eləcə də it və pişik kimi ev heyvanlarında rast gəlinir. İnkubasiya dövrü 2 gündən 14 günə qədər davam edə bilər, adətən 7-8 gün ərzində əlamətlər üzə çıxır”.

 


Etibar Süleymanov qeyd edib ki, dabaq xəstəliyi zamanı insanda bir sıra əlamətlər müşahidə olunur:


“Ağızda su axması, qızdırma, halsızlıq, boğazda qıcıqlanma, limfa düyünlərinin böyüməsi, ağızda və dırnaqlar arasında suluqlar, səpkilər, bəzi hallarda ishal və qarın ağrısı müşahidə olunur. Xəstəliyin ağır formalarında stasionar müalicə tələb olunur. Yaşlılarda və immun sistemi zəif olan şəxslərdə xəstəliyin gedişi daha ağır keçir, bəzi hallarda ölümcül nəticələr də mümkündür. İnsanda bu xəstəliyə qarşı peyvənd yoxdur, lakin heyvanlar üçün vaksin mövcuddur və vaxtında peyvəndləmə çox vacibdir”. 

 

Bəsti Rəfizadə
Sfera.az