RƏSMİ

22 İyun

Satınalma müqaviləsinin icrasına nəzarət ediləcək

Satınalma müqaviləsinin icrasına nəzarət ediləcək.

Fins.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, satınalan təşkilat satınalma müqaviləsinə uyğun olaraq və bu Qanunda nəzərdə tutulan son haqq-hesab aparılanadək həmin müqavilə üzrə təqdim olunmuş satınalma predmetinin normativ hüquqi aktların tələblərinə, habelə satınalma müqaviləsində nəzərdə tutulmuş digər tələblərə və beynəlxalq standartlara uyğunluğunu yoxlayacaq.

Nəzarət orqanı satınalma ilə bağlı aparılan araşdırma zamanı normativ hüquqi aktların pozulmasına dair əsaslı şübhələr yarandıqda, təchizatçı tərəfindən satınalma müqaviləsinin təqdim olunmuş təklifinə uyğun icra edilməsi ilə yerində tanış olmaq məqsədilə satınalma predmetinə (onun icrasına) baxış keçirə bilər. Baxış zamanı bu Qanunun tələblərinin pozulması halları aşkar edildikdə nəzarət orqanı tərəfindən qanuna uyğun tədbirlər görüləcək.

Satınalan təşkilat nəzarət orqanı tərəfindən satınalma predmetinə (onun icrasına) baxış keçirə bilməsi üçün lazımi şərait yaratmağa borcludur.

Həmçinin, layihəyə əsasən, satınalma müqaviləsi qüvvəyə mindikdən sonra, Azərbaycan Respublikası Mülki Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, müqavilənin şərtlərinin dəyişdirilməsinə yol verilmir. Satınalma müqaviləsinin şərtlərinin dəyişdirilməsi barədə tərəflərin bir-birinə etdiyi yazılı müraciətlərə 10 (on) iş günü müddətində baxılır.

Mülki Məcəllədə nəzərdə tutulmuş halların satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.