RƏSMİ

22 İyun

Satınalan təşkilat hər satınalma üzrə hesabat tərtib edəcək

Satınalan təşkilat hər satınalma üzrə hesabat tərtib edəcək.

Fins.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, hesabatda satınalma prosedurları haqqında aşağıdakı məlumatlar əks olunur:

- satınalma predmetinin adı, miqdarı, həcmi və qısa təsviri;

-. təklifləri təqdim etmiş təchizatçıların uyğunluq göstəriciləri;

- ehtimal olunan qiymət və onun müəyyənləşdirilməsinin əsası;

- təchizatçılar satınalmadan kənarlaşdırıldıqda və ya satınalma ləğv edildikdə, bunu əsaslandıran səbəblər;

- açıq tender, ikimərhələli tender və kotirovka sorğusu metodundan başqa digər satınalma metodları tətbiq edildikdə, bunu əsaslandıran səbəblər və nəzarət orqanından alınmış razılıq;

- çərçivə sazişi tətbiq edildikdə, bunu əsaslandıran səbəblər, çərçivə sazişi bağlanan təchizatçıların adları və ünvanları, habelə nəzarət orqanından alınmış razılıq;

- uyğunluğa dair sənədlər toplusunun və ya şərtlər toplusunun izahı barədə istənilən sorğunun, həmçinin belə sorğulara cavabların, eləcə də bu sənədlərdəki hər hansı dəyişikliyin xülasəsi;

- bu Qanuna əsasən qəbul edilmiş qərarın əsaslandırılması;

- bu Qanunun tələbləri nəzərə alınmaqla məlumatlar açıqlandıqda, buna səbəb olmuş hallar;

- məxfi məlumatlarla əlaqəli satınalma keçirildikdə, bu Qanuna əsasən təchizatçılar və onların subpodratçıları qarşısında qoyulmuş tələblər;

- elan verilməsi (dəvət göndərilməsi) barədə məlumat.

Hesabata aşağıdakı sənədlər (məlumatlar) əlavə edilir:

- satınalmanın keçirilməsi haqqında satınalan təşkilatın qərarının surəti;

- satınalma komissiyasının formalaşdırılması haqqında satınalan təşkilatın qərarının surəti;

- ehtimal olunan qiymətin hesablanmasına dair təsdiqedici sənədlər;

- bu Qanunda qeyd olunan satınalma metodları tətbiq edildikdə, nəzarət orqanından alınmış razılıq sənədinin surəti;

- təchizatçıların uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi proseduru keçirildikdə, uyğunluğa dair sənədlər toplusu;

- şərtlər toplusu;

- təchizatçılar tərəfindən təqdim edilən uyğunluq sənədləri və təkliflər;

- bu Qanuna uyğun olaraq şikayət verildikdə, həmin şikayətin nəticəsinə dair qəbul olunmuş qərarların surətləri;

- gözləmə müddəti barədə bu Qanuna əsasən göndərilən bildirişin surəti;

- satınalmanın nəticələri haqqında satınalma komissiyasının yekun protokolunun və satınalmaya dair digər protokolların surəti;

- çərçivə sazişi bağlandıqda, həmin sazişlərin surəti;

- bağlanan satınalma müqaviləsinin surəti;

- satınalma müqaviləsi uzunmüddətlidirsə və ya mərhələlərlə həyata keçirilirsə, icrasının gedişi haqqında mütəmadi məlumatlar;

- satınalan təşkilatla təchizatçı arasında satınalma müqaviləsinin icrası və mübahisəli məsələlərin həlli ilə əlaqədar sənədlər;

- satınalma müqaviləsinin tam icra edilməsi haqqında satınalan təşkilatla təchizatçı arasında imzalanan təhvil-təslim aktı.

Bu Qanunda qeyd olunan sənədlər (məlumatlar) istisna olmaqla, digər sənədlər (məlumatlar) təklifin akseptindən, yaxud satınalma müqaviləsinin bağlanması ilə nəticələnməyən satınalma yekunlaşdıqdan sonra 7 (yeddi) iş günü ərzində sorğu əsasında istənilən fiziki və ya hüquqi şəxslərə verilə bilər.

Bu Qanunda olunan sənədlər (məlumatlar) istisna olmaqla, 40.2-ci maddədə nəzərdə tutulan digər sənədlər (məlumatlar) təklifin akseptindən, yaxud satınalma müqaviləsinin bağlanması ilə nəticələnməyən satınalma yekunlaşdıqdan sonra 7 (yeddi) iş günü ərzində sorğu əsasında təklif təqdim edən təchizatçılara veriləcək.

Satınalmaya dair hesabat satınalmanın keçirilməsi haqqında qərarın qəbul edildiyi gündən yığılmağa başlanır, satınalma müqaviləsi tam icra edildikdən sonra 20 (iyirmi) iş günü ərzində bitirilir, 5 (beş) il ərzində satınalan təşkilatda saxlanılır və sonra “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq arxivə veriləcək.