RƏSMİ

14 İyun

Tikinti qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı tədbirlər görüləcək

Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahələrində yerləşən və 2026-cı il iyunun 1-dək istismarına icazə verilməmiş qeyri-yaşayış binalarının torpaq, şəhərsalma və tikinti qanunvericiliyinin tələbləri pozulmaqla inşasından irəli gələn nəticələrin aradan qaldırılması ilə bağlı tədbirlər görüləcək.

Fins.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahələrində yerləşən və 2026-cı il iyunun 1-dək istismarına icazə verilməmiş qeyri-yaşayış binalarının torpaq, şəhərsalma və tikinti qanunvericiliyinin tələbləri pozulmaqla inşasından irəli gələn nəticələrin aradan qaldırılması ilə bağlı həmin qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təşkil etməlidir.

Eyni zamanda Nazirlər Kabineti istismarına icazə verildiyi barədə məlumat daxil olduğu gündən 10 iş günü müddətində, bu Fərman qüvvəyə minənədək və ya bu Fərmana uyğun olaraq istismarına icazə verilmiş qeyri-yaşayış binaları bu məqsəd üçün nəzərdə tutulmayan torpaq sahəsində inşa olunduğu hallarda həmin icazə əsasında qeyri-yaşayış binalarının yerləşdiyi torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi ilə bağlı tapşırığın icrasını nəzarətdə saxlamalı və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qaldırdığı vəsatətə əlavə olunan yerquruluşu planında göstərilən koordinatlar daxilində istismarına icazə verilmiş qeyri-yaşayış binalarının yerləşdiyi torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsini vəsatət qaldırıldığı tarixdən 15 gün müddətində təmin etməlidir.