RƏSMİ

22 May

Azərbaycan və Litvanın iqtisadi inkişaf sahəsində əsas prioritetlər açıqlanıb

Vilnüsdə Litva-Azərbaycan Biznes Forumunda 35 Azərbaycan şirkəti, 10-a yaxın dövlət strukturunun təmsilçiləri iştirak edir. Litva tərəfi isə Biznes Forumuna 50-dən çox şirkət qatılıb.

Fins.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bildirib.

Yusif Abdullayev nəzərə çatdırıb ki, Biznes Forumunda sənaye, əczaçılıq, kənd təsərrüfatı, supermarket şəbəkələrini təmsil edən sahibkarlar iştirak edirlər: “Biznes Forumunda iki ölkə arasında ticarət dövriyyəsinin artırılması istiqamətində məsələlər müzakirə olunacaq. Biz qarşılıqlı maraq doğuran layihələrin müzakirə olunacağına inanırıq. Onu da qeyd edim ki, keçən ilin mayında Azərbaycan Prezidentinin iştirakı ilə keçirilən Biznes Forumunun çox yaxşı nəticələri olub. Bir sıra şirkətlərimizin məhsulları Litvaya ixrac olunmağa başlanıb. Litvadan isə alkoqollu içilər idxal olunmağa başlanıb. Bu, çox praktik, məqsədli, fokuslu bir missiyadır və inanırıq ki, missiya uğurlu olacaq”.

Litva şirkətlərinin azad olunmuş ərazilərdə fəaliyyətinə gəlincə, AZPROMO icraçı direktoru qeyd edib ki, potensial investisiya layihələri kataloqu hazırlanıb: “Biz artıq bir neçə aydır ki, həmin kataloqu Litva tərəfinə göndərmişik. Azad olunmuş ərazilərdə şərab zavodunun qurulması, su elektrik stansiyalarının qurulması məsələsi həyata keçirilə bilər. Məqsədyönlü şəkildə çalışaraq ölkələrin müvafiq şirkətlərinin əməkdaşlığına nail ola bilərik”.

Yusif Abdullayev əsas məqsədin Azərbaycanın sənayeləşməsi olduğunu vurğulayıb: Biz ənənəvi olaraq kənd təsərrüfatı məhsulları ixrac edirik. Litva da kənd təsərrüfatı məhsulları məhsullarının ixracı və emalı sahəsində fərqlənir, Azərbaycanda da Litva şirkətləri bu sahədə güclü təmsil olunur. Lakin biz sənayeləşməni önə çıxarmalıyıq. Məsələn, Azərbaycanın bir şirkəti Bakıda keçirilən Biznes Forumdan sonra Litvaya tullantı, yəni zibil torbalarının ixracına başlayıb. O cümlədən Sumqayıt Sənaye Parkının geniş çeşiddə məhsulları var, o məhsullar da Litvaya ixrac oluna bilər”.