RƏSMİ

02 Mart

BMT agentlikləri məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasına görə çox məmnundur - Antonio Vitorino - FOTO

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş direktoru Antonio Vitorino Azərbaycanın paytaxtı Bakıda bir sıra yüksək səviyyəli görüşlər keçirib və burada o, Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak edib.

Bu barədə Fins.Az-a BMqT-dən məlumat verilib.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüşdə Antonio Vitorino Zirvə toplantısının dünyanın aktual problemləri, o cümlədən insan mobilliyi ilə bağlı müzakirələr aparmaq üçün imkan yaratdığını qeyd edib.

"BMqT Azərbaycan Hökuməti, BMT agentlikləri və digər tərəfdaşları ilə hökumətin məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasına dəstək verən proqramına töhfə verməkdən çox məmnundur. Mən bu əməkdaşlığın gücləndirilməsini səbirsizliklə gözləyirəm,” deyən cənab Vitorino təşkilatın bu sahədə mövcud olan geniş təcrübəsi ilə bölüşməyə hazır olduğunu vurğuladı.

O, Azərbaycanın qaçqınların müdafiəsi və beynəlxalq miqrasiya üzrə məşvərətçi proses olan 2023-2024-cü illər üzrə Almatı prosesinə sədrliyini qeyd edərək, miqrasiya ilə bağlı davamlı dialoqun və məlumat mübadiləsinin müzakirəsi baxımından bu platformanın əhəmiyyətini vurğuladı.

Səfərin birinci günü Azərbaycan Dövlət Miqrasiya Xidməti ilə BMqT arasında Miqrasiya üzrə Regional Təlim Mərkəzi (MRTM) ilə bağlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

İmzalanma mərasimi zamanı cənab Vitorino Mərkəzin müvafiq qurumlararası əməkdaşlığı gücləndirəcəyini, qabaqcıl təcrübə və standartların mübadiləsini yaxşılaşdıracağını, regional dialoqu genişləndiricəyini və cəmiyyətə miqrasiya mövzularına çıxışı təmin edən dinamika yaradacağını qeyd etdi.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Təlim Mərkəznin yaradılmasını nəzərdə tutan layihənin artıq Miqrasiya Xidməti, BMqT, region və kənar ölkələrin müvafiq qurumları arasında əməkdaşlığın daha da inkişafına mühüm töhfə verdiyini bildirdi. “Artıq layihə çərçivəsində Yaxın Şərq, Mərkəzi Asiya və Şərq Tərəfdaşlığı ölkələrindən 200-ə yaxın nümayəndənin iştirakı ilə 10-dan artıq təlim sessiyası keçirilib”, - deyə o bildirib.

Cənab Vitorinonun Xarici İşlər naziri Ceyhun Bayramovla görüşündə Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılması miqrasiya prosesləri, təşkilat və Hökumət arasında ikitərəfli əməkdaşlıq sahəsində atılan mühüm addım kimi qiymətləndirilib.

Görüş zamanı BMqT ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlıq sahələri, o cümlədən miqrasiyanın idarə edilməsi, insan alverinə qarşı mübarizə, həssas hədəf qruplarının, məcburi köçkünlərin dəstəklənməsi və könüllü qayıdışın dəstəklənməsi üzrə davam edən proqramlar müzakirə edilib.