Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç ilə görüşüb.
Fins.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak etmək üçün ölkəmizə səfər etdiyinə görə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrinə minnətdarlığını bildirdi, səfər zamanı ikitərəfli əlaqələrimizlə bağlı müzakirələr aparmaq üçün imkanların da yarandığını dedi.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri ölkəmizdə olmasından məmnunluğunu bildirdi, Bakının gözəlliyinin onu heyran etdiyini dedi. Qonaq münasibətlərimizin yüksək səviyyədə olduğunu qeyd etdi, COVID-19 dövründə və Bosniya və Herseqovinada baş vermiş daşqınlar zamanı Azərbaycanın onun ölkəsinə göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğuladı.
Jelka Tsviyanoviç iqtisadiyyat, ticarət, investisiya, enerji və digər sahələrdə əməkdaşlıq üçün böyük imkanların olduğunu qeyd etdi.
Görüşdə Azərbaycan ilə Bosniya və Herseqovina arasında siyasi münasibətlərin çox yaxşı səviyyədə olduğu qeyd edildi. Ancaq iqtisadi-ticari əlaqələrin daha da gücləndirilməsinin, həmçinin biznes dairələri arasında birbaşa təmasların təşviqinin vacibliyi bildirildi.
Söhbət zamanı Bakı və Sarayevo şəhərlərinin hələ ötən əsrin 70-ci illərindən qardaşlaşmış şəhərlər olduğu xatırlanaraq, şəhərlərarası əlaqələrin inkişafının da önəmi vurğulandı.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri dövlətimizin başçısını ölkəsinə rəsmi səfərə dəvət etdi.
Azərbaycan Prezidenti dəvəti məmnuniyyətlə qəbul etdi.