İstehlak krediti üzrə istehlakçının ilkin məlumatlandırılması sistemi tətbiq ediləcək.
Fins.Az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən Mülki Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, ilkin məlumatlandırmada istehlak krediti ilə bağlı yarana biləcək bütün zəruri məqamlar barədə istehlakçı məlumatlandırılmalıdır. Bu məlumatlar Mərkəzi Bank tərəfindən təsdiq edilən standart məlumatlandırma formasında əks etdirilməlidir. Borcverən tərəfindən verilən məlumatlar aydın və başadüşülən şəkildə ifadə edilməlidir.
İstehlak krediti müqaviləsinə dair tələblər də müəyyən edilir. Müqavilə yazılı formada kağız və ya digər davamlı daşıyıcıda tərtib edilə bilər. İstehlak krediti müqaviləsinin məzmunu ilə bağlı tələblər ilkin məlumatlandırmada nəzərdə tutulan hallara uyğun olmaqla müqavilə üzrə bütün zəruri şərtləri ehtiva etməlidir. . İstehlak krediti müqaviləsi üzrə dəyişən faiz dərəcəsinin tətbiq edilməsi də faizlərin və digər ödənişlərin artırıla bilməsi imkanının şərtləndirilməsi yolverilməzdir. Bank hesabının kreditləşdirilməsi hallarında borcverən istehlakçını vaxtaşırı olaraq kağız və ya digər davamlı daşıyıcıda hesabdan çıxarış vasitəsilə aşağıdakılar barədə məlumatlandırmalıdır:
- Hesabdan çıxarışın aid olduğu dövr;
- Kreditləşmənin tarixləri və məbləğləri;
- Əvvəlki çıxarış üzrə balans və onun tarixi;
- Cari çıxarış tarixinə yeni balans;
- İstehlakçı tərəfindən edilmiş ödənişlərin məbləğləri və tarixləri;
- Müqavilə üzrə faiz dərəcəsi;
- Tətbiq edilən istənilən xərclər və digər hallar;
- Tətbiq edildikdə ödənilməli olan minimum məbləğ.