2022-ci il ərzində beynəlxalq maliyyə bazalarında yaşananlar Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində də öz əksini tapıb.
Fins.Az-ın məlumatına görə, bu barədə AZƏRTAC-a Dövlət Neft Fondundan bildirilib.
Məlumata əsasən, ilin əvvəlindən baş verən geosiyasi gərginlik və bunun enerji qiymətlərinə təsiri, eləcə də, mərkəzi bankların sərt monetar siyasətlərin davamlı olacağına dair bəyanatları maliyyə bazarında artan inflyasiya dərəcəsi fonunda müşahidə olunan dalğalanmaları daha da artırıb. İl ərzində mərkəzi bankların rəsmilərinin monetar siyasət ilə bağlı qarşıdakı dövrlər üzrə planlarına dair bəyanatları, eləcə də, buna təsir edən inflyasiya və əmək bazarına dair iqtisadi göstəricilər maliyyə bazarlarına təsir edən əsas amillər kimi qeydə alınıb.
Belə ki, ABŞ-da inflyasiya dərəcəsi son aylarda nisbətən düşmə trendini nümayış etdirsə belə, əmək bazarının dayanıqlı olması və bunun inflyasiya dərəcəsinə adətən müsbət təsir etməsi FED-in sərt monetar siyasətinin 2023-cü ilin əvvəlində də davam etməsinə işarə edir. Avropa və Birləşmiş Krallığa gəldikdə isə, bu regionlarda inflyasiya dərəcəsinə dair gözləntilərin hələ də kifayət qədər yüksək olması, eyni zamanda, Birləşmiş Krallıqda əmək bazarında işçi qüvvəsinin çatışmazlığı mərkəzi bankların sərt monetar siyasətinin ABŞ ilə müqayisədə daha yüksək temp ilə davam etməsinə işarə edir.
Qeyd edilən hadisələr səbəbindən il ərzində neft və qaz satışından əldə olunan daxilolmalar artıb ki, bu da ARDNF-nin investisiya portfelinin həcmində öz əksini tapıb.