RƏSMİ

18 Yanvar

Ötən il əsas kapitala 18 milyard manatdan çox vəsait yönəldilib

2022-ci ildə əsas kapitala 18 milyard 272,3 milyon manat məbləğində, yaxud 2021-ci il ilə müqayisədə 5,5 faiz çox vəsait yönəldilib.

Fins.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9,8 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 13,6 faiz artıb.

İstifadə olunmuş vəsaitin 10 milyard 611,3 milyon manatı və ya 58,1 faizi məhsul istehsalı sahələrinə, 6 milyard 735,6 milyon manatı (36,9 faizi) xidmət sahələrinə, 925,4 milyon manatı (5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 14 milyard 718,9 milyon manatını və ya 80,6 faizini daxili vəsaitlər təşkil edib. Sözügedən vəsaitlərin 13 milyard 461,5 milyon manatı və ya 73,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Həmçinin əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 49,3 faiz, büdcə vəsaitləri 36,4 faiz, əhalinin şəxsi vəsaitləri 6,7 faiz, bank kreditləri 2,6 faiz, digər vəsaitlər isə 5 faiz təşkil edib.