2023-cü ilin dövlət büdcəsinə bir sıra dəyişikliklər edilib.
Fins.az-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən iclasında büdcə müzakirələri zaman deyib.
Nazir bildirib ki, gələn il üçün dövlət büdcəsindən Naxçıvana ayrılan dotasiya 31,1 milyon manat azaldılır.
Nazir qeyd edib ki, Naxçıvana dotasiyadan azaldılan 31,1 milyon manatın bir hissəsi Azərbaycanın yeni səfirliklərin açılması və onların fəaliyyətinin təmin edilməsinə, beynəlxalq fəaliyyətdə Azərbaycan maraqlarının müdafiə edilməsi üçün hüquq məsləhətçilərinin cəlb edilməsinə, səfirliklərin təhlükəsizliyinin qorunmasının artırılmasına yönəldiləcək. “Yerdə qalan vəsaitin 4,1 milyon manatı Milli Məclisin xərclərinə, 11,1 milyon manatı müdafiə və milli təhlükəsizlik xərc bölməsinin köməkçi bölməsinə yönəldiləcək”, - deyə nazir əlavə edib.
S.Şərifovun sözlərinə görə, Naxçıvanda Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İdarəsi dövlət büdcəsinin mərkəzi xərclərindən maliyyələşəcək.
Nazir əlavə edib ki, büdcəyə üçüncü texniki düzəliş İçərişəhər Qoruğu İdarəsinin və Şəmkir rayonunun yerli xərclərinin tənzimlənməsi üçün müvafiq xərc bölməlsində cəm olaraq 1, 5 milyon manat məbləğində yerdəyişmələr olacaq.
O qeyd edib ki, bu hesaba icmal büdcədə də dəyişikliklər baş verəcək. “Naxçıvan MR büdcəsinin gəlirlərinin 20 milyon manat artırılması nəticəsində icmal büdcənin gəlirləri 33 milyard 26 milyon manat, xərcləri isə 37 milyard 969 milyon manat təşkil edəcək, kəsiri isə 4 milyard 944 milyon manat olmaqla eyni səviyyədə qalacaq. İcmal büdcənin tərkibində Naxçıvan MR büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 635, 3 milyon manat, o cümlədən dövlət büdcəsindən ayrılan dotasiya 449,8 milyon manat, öz gəlirləri isə 185,5 milyon manat təşkil edəcək. Eyni zamanda edilən dəyişikliklər büdcə qaydasının tələblərinə uyğundur və icmal büdcənin qeyri-neft baza kəsiri ÜDM-də xüsusi çəkisinə hədəflənən yuxarı həddinin göstəricisini keçmir. Təklif olunan düzəlişlər nəzərə alındığı təqdirdə qanun layihəsinin 7.1–ci maddəsinin ümumi dövlət xidmətləri bölməsinin 3 milyard 786 milyon, 680 min 983 manat rəqəmi 3 milyard 775 milyon 563 min 483 manat rəqəmi ilə əvəz edilməsi, bununla əlaqədar eyni zamanda müdafiə xərcləri bölməsi üzrə də müvafiq dəyişiklikləri, və mədəniyyət və incəsənət, bədən tərbiyəsi və eyni zamanda mənzil və kommunal təsərrüfatı bölmələri üzrə qanunun 7.7, 7.8 və 7.10 bölmələrində müvafiq dəyişikliçklər edilməsini şərtləndirir. Eyni zamanda qanunun 15-ci maddəsində icmal büdcənin xərclərinin yuxarı həddini 37 milyard 949 milyon 346,5 milyon manat rəqəminin 37 milyard 969 milyon 346,5 manat rəqəmi ilə əvəz edilməsi təklif olunur”, - deyə nazir əlavə edib.