RƏSMİ

25 Noyabr

Samir Şərifov : “Qüdrət müəllimin dediyi rəqəmlər yanlışdır”

“Azərbaycanda 47% kişilərin 65 yaşına çatmadan dünyasının dəyişdiyi bildirilir. Bunu Qüdrət müəllim demişdi. Ona demək istəyirəm ki, bu, yanlış rəqəmdir”.  

“Fins.az” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə bildirib. 

O, həmin rəqəmləri açıqlayıb: “Bununla bağlı bu rəqəmləri nəzərinizə çatdırmaq istəyərdim. 2021-ci ilin statistikasını götürsək, ölkəmizdə 76 878 nəfər dünyasını dəyişib. Onlardan 40 261 nəfər kişilər, 36 min 617 nəfəri qadınlardır. Kişilərin 18 min 922 nəfəri 65 yaşa qədərdir və 47% təşkil edir, 21 min 339 nəfəri isə 65 yaşdan yuxarı kişilər olub, yəni 53 faizdir. Yəni, 47% anlamına yalnız bu göstərici gəlir.

Ümumilikdə statistikya görə, ölkəmizdə kişilərin sayı 5 milyon 74 nəfərdir. Onlardan 65 yaşdan yuxarı olanların sayı 341 min nəfərdir, yəni 6,7%-dir. Altmış beş yaşına çatmayan kişilərin sayı isə, 4 milyon 733 min nəfər, yəni 93,3 faizdir. 

Beləliklə, əhalinin 65 yaşadək yaşayan hissəsinin müəyyən edilməsi hansısa statistik məlumatlarla deyil, demoqrafik hesablamalara əsasən müəyyən edilməlidir. Daha xüsusi çəkiyə malik olan, burada da qeyd edildiyi kimi 93,3%-lik hissənin daha çox dünyasını dəyişməsi kifayət qədər məntiqlidir. 

Bunu da qeyd etmək istəyirdim ki, 65 yaşına qədər olan əhalinin ümumi kişilərin sayında dünyasını dəyişənlərin xüsusi çəkisi 0,4% təşkil edir. Müvafiq olaraq, 65-dən çox yaşı olan 341 min nəfər kişidən, 21 min nəfər dünyasını dəyişib ki, bu da 6% təşkil edir. 

Hörmətli Qüdrət müəllim, son illərin ölüm ehtimallarına əsasən aparılan qiymətləndirmələr göstərir ki, yeni doğulan əhalinin 79,5 faizi 65 yaşına çatır. Kişilər üzrə bu göstərici 75,5%, qadınlar üzrə isə 83,5%-dir. Bununla bağlı məsələnin düzgün təqdim edilməsi, hər hansı yozumlara şərait yaratmamalıyıq”, - deyə nazir qeyd edib.

Qeyd edək ki, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə 2023-cü ilin büdcə layihələrinin müzakirəsi zamanı Azərbaycanda kişilərin 47 faizinin 65 yaşa qədər yaşadığını bildirmişdi. Deputat bu səbəbdən pensiya yaşının aşağı salınmasını təklif etmişdi.