Növbəti ildə ümumi əsaslarla pensiya təyin edilmiş şəxslər üzrə ödəniləcək maddi yardım üçün xərc ediləcək vəsait cari ilin gözlənilən icrasından 18,1%, qulluq stajına görə əlavələr alan pensiyaçılara münasibətdə isə 20,4% çox proqnozlaşdırılıb.
"Fins.az" xəbər verir ki, bu, “Dövlət sosial müdafiə fondunun 2023-cü il üçün büdcə layihəsinə Hesablama Palatasının rəyi”ndə əksini tapıb.
Rəydə qeyd edilib ki, say göstəricisi üzrə isə artım müvafiq olaraq, 3,2% və 5,1%-dir. Maddi yardımlar üzrə xərc ediləcək vəsaitin artım tempinin orta aylıq nominal əmək haqqının artım tempindən yüksək olması növbəti ildən maddi yardım ilə yalnız cari ilin 01 yanvar tarixinədək deyil, eyni zamanda sonrakı dövrdə də əmək pensiyası təyin edilmiş şəxslərin də təmin ediləcəyi nəticəsinə gəlməyə əsas verir ki, bu da yuxarıda qeyd edilən məqsədə nail olma baxımından müsbət haldır. Fond tərəfindən təqdim edilmiş məlumatda həm cari ilin sonunda, həm də növbəti ildə ümumi əsaslarla pensiya təyin edilmiş şəxs kimi maddi yardım ilə təmin edilməli olan pensiyaçılara dair sayın ödənişlə təmin ediləcək pensiyaçıların sayından çox olması, eləcə də cari ilin I yarısında qulluq stajına görə əlavələr alan pensiyaçılara ödənilmiş maddi yardım üzrə müəyyən edilmiş orta aylıq məbləğ əsasında aparılan hesablamalarla (42,7 mln. manat / 85370 pensiyaçı / 6ay * 89000 pensiyaçı * 12ay * orta aylıq əmək haqqının artım tempi) müqayisədə xərcin çox nəzərdə tutulması proqnoz göstəricilərinin dəqiqləşdirilməsi zərurətini vurğulamaq imkanı verir.