RƏSMİ

21 Oktyabr

Dövlət büdcəsinin xərcləri 97,3 % icra edilib

2022-ci ilin doqquz ayı ərzində dövlət büdcəsinin xərcləri 21 milyard 039,2 milyon manat proqnoza qarşı 20 milyard 470,7 milyon manat və ya 97,3 faiz icra edilib. Bu da ötən ilin eyni dövrünə nisbətən 2 milyard 758,7 milyon manat və ya 15,6 faiz çoxdur.

Maliyyə Nazirliyindən  verilən məlumat görə, dövlət büdcəsi xərclərinin 12 milyard 669,4 milyon manatı və ya 61,9 faizi cari xərclərə, 6 milyard 608,3 milyon manatı və ya 32,3 faizi əsaslı xərclərə, 1 milyard 193 milyon manatı və ya 5,8 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

Bu ilin doqquz ayında sosialyönümlü xərclər (iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) dövlət büdcəsinin faktiki xərclərinin 41,2 faizini təşkil etməklə 8 milyard 442 milyon manat məbləğində icra olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 786,9 milyon manat və ya 10,3 faiz çoxdur.

2022-ci ilin doqquz ayında 2021-ci ilin eyni dövrünə nisbətən iqtisadi fəaliyyət xərclərinə 60,5 faiz və ya 1 milyard 668,9 milyon manat çox vəsait ayrılıb. Həmin vəsait əsasən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası və dövlət əsaslı investisiya xərcləri təşkil edir.

Eləcə də ötən illə müqayisədə mənzil və kommunal təsərrüfatı xərclərinə 40,1 milyon manat, təhsil xərclərinə 378,9 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərə 219 milyon manat, ətraf mühitin mühafizəsi xərclərinə 22,1 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 35,4 milyon manat, səhiyyə xərclərinə 37 milyon manat, sosial müdafiə və sosial təminat xərclərinə 80,4 milyon manat çox vəsait yönəldilib.

2022-ci ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin xərcləri 7 milyard 534,1 milyon manat icra olunub.

Cari ilin doqquz ayı ərzində dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi, əməkhaqları, müavinətlər, pensiyalar, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi büdcə və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında tam və vaxtında təmin edilib.