Rəsmi Bakı Londonun yenilənən enerji növlərinə sərmayə qoyacağına ümid edir. Bunu Prezident İlham Əliyev oktyabrın 10-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auldu qəbul edərkən deyib.
“Böyük Britaniya Azərbaycana ən çox sərmayə qoymuş ölkə və strateji tərəfdaşdır. Buraya ənənəvi sahələr daxildir, ancaq əminəm ki, artıq yenilənən enerji növlərinə də sərmayə qoyulacaq”, - deyə dövlət başçısı vurğulayıb.
O əlavə edib ki, Azərbaycan və Böyük Britaniya arasında uğurlu ikitərəfli əməkdaşlığın genişləndirilməsinə ehtiyac var.
“Hesab edirəm ki, biz artıq enerjidən başqa sahələrə nəzər salmalıyıq - ticarət, qarşılıqlı ticarətin artırılması, turizm və insanlar arasında təmaslar. Düşünürəm ki, təhsil sahəsində əməkdaşlığın yaxşı nəticələri var. Bildiyiniz kimi, bir çox azərbaycanlı Böyük Britaniyada təhsil alıb və almaqda davam edir. Lakin bu əməkdaşlığın dinamikaya və müəyyən çərçivəyə ehtiyacı var”, - deyə İ.Əliyev qeyd edib.
Prezidentin sözlərinə görə, Bakı və London arasında yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı maraqlara hörmət və bir sıra sahələrdə sıx əməkdaşlıq mövcuddur.