RƏSMİ

22 İyul

Azərbaycanın 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası təsdiq edilib

“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiq edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.Sərəncama əsasən, “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiq edilib.

2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda (bundan sonra – Strategiya) nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini, icrasına nəzarəti və hesabatlılığını Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən Strategiyada nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.2. icrası davam etməkdə olan konsepsiya, strategiya, dövlət proqramı, milli fəaliyyət planları və bu kimi digər sənədlərin Strategiya ilə əlaqələndirilməsi istiqamətində zəruri tədbirlər görsün;

3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə Strategiyada dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulmuş tədbirlərin icrası üçün tələb olunan vəsaitin dövlət büdcəsinin 2023‒2026-cı illər üzrə proqnozlarında nəzərdə tutulması ilə bağlı zəruri tədbirlər görsün.