RƏSMİ

20 İyun

Maliyyə naziri: İnflyasiya 12,5 faiz səviyyəsində proqnozlaşdırılır

“Azərbaycan Prezidentinin tapşırıqları əsas götürülməklə, 2022-ci ilin ötən 5 ayının makroiqtisadi göstəriciləri və dövlət büdcəsinin icrası üzrə əldə edilmiş müsbət dinamika, digər tərəfdən, ehtimal olunan risklər nəzərə alınmaqla, ölkənin makroiqtisadi proqnozlarına yenidən baxılıb”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında ““Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib.

Samir Şərifov qeyd edib ki, cari ilin sonuna ümumi daxili məhsulun (ÜDM) nominal ifadədə 115,4 milyard manata, real artım sürətinin 5,5 faizə, o cümlədən qeyri-neft ÜDM-nin nominal ifadədə 65,7 milyard manata qədər artacağı, həmin dövr ərzində orta illik inflyasiya isə 12,5 faiz səviyyəsində proqnozlaşdırılır.