RƏSMİ

04 May

Prezident İlham Əliyev: Zəngəzur dəhlizi bizim üçün və qonşu dövlətlər üçün əlavə imkanlar yaradacaq

Zəngəzur dəhlizi bizim üçün və qonşu dövlətlər üçün əlavə imkanlar yaradacaq.

Bunu Prezident İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqdan ibarət yol çəkilir. Bu da Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Dəmir yoluna gəldikdə, hazırda bizim sonuncu dəmir yolu infrastrukturu olan bu istiqamətdə stansiyamız Horadizdir. Horadizdən Ağbəndə gedən dəmir yolunun inşası artıq sürətlə aparılır və əminəm ki, gələn il tam istismara veriləcəkdir. Bu da həm vətəndaşlar üçün, həm də beynəlxalq yükgöndərənlər üçün çox əlverişli bir infrastruktur olacaqdır.

Biz həm Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə Zəngəzur dəhlizi vasitəsilə birləşdirəcəyik, tam yeni nəqliyyat dəhlizi açılacaq. Nəzərə alsaq ki, son vaxtlar Azərbaycana Xəzər dənizinin Şərq hissəsindən çoxlu müraciətlər daxil olub. Azərbaycan ərazisindən yük göndərmək istəyənlərin həm sayı, həm də yüklərin həcmi artır, əlbəttə, Zəngəzur dəhlizi bizim üçün və qonşu dövlətlər üçün əlavə imkanlar yaradacaq.

Biz son illər ərzində, deyə bilərəm ki, təqribən 10-15 il ərzində nəqliyyat sektoruna çox böyük əhəmiyyət vermişik. Məhz buna görə bu gün istənilən yükü qəbul edə və onu tranzit kimi ötürə bilərik, bunu edirik və bizim imkanlarımız daha da artacaq".