Hesablama Palatası əvvəlki və hesabat illərindəki nəzarət tədbirlərinin nəticəsi olaraq, 34,2 milyon manat dövlət vəsaiti bərpa edilib.
Bu, Hesablama Palatasının 2021-ci il üzrə fəaliyyət hesabatında yer alıb.
Kənar dövlət maliyyə nəzarət obyektləri tərəfindən hesabat ilində 32 milyon manat dövlət vəsaitləri bərpa edilib. Bundan əlavə, hüquq mühafizə orqanlarına göndərilmiş materiallar üzrə dövlətə dəymiş ziyanla bağlı 2,2 milyon manat vəsaitin ödənilməsi təmin edilib. Hesabat ilində 2 nəzarət tədbiri (Dövlət Turizm Agentliyinə ayrılmış dövlət vəsaitlərinin icrası və AMEA-nın Fiziki İnstitutuna ayrılmış dövlət vəsaitlərinin icrası üzrə uyğun auditləri üzrə materialları) üzrə müvafiq materiallar Hesablama Kollegiyasının qərarına əsasən, Baş Prokurorluğa təqdim edilib.
Bundan əlavə, 2021-ci ildə Hesablama Palatasının əməkdaşları Dövlət Təhlükəsizlyi Xidməti tərəfindən həyata keçirilən bir nəzarət tədbirində iştirak edib.
Əvvəlki illərdə başa çatdırılmış nəzarət tədbirlərinin nəticəsi üzrə qurumlar tərəfindən atılmış addımlar hesabat ilində də izlənilib, bu istiqamətdə 10-dan çox qurumdan məlumatlar daxil olub. Belə ki, Qeyri-Hökumət Təşkilatlarlna Dövlət Dəstəyi Şurası, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti, Kənd Təsərrüfatı Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyi, Bakı şəhər İcra Hakimiyyəti, DSMF-nin 2 və 5 saylı şöbələri, Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, AMEA tərəfindən Diasporla İş üzrə Dövlət Komitəsi, “Azərişıq” ASC tərəfindən ümumilikdə 0,8 milyon manat vəsaitin dövlət büdcəsinə bərpası təmin edilib, 239,2 min manat maliyyələşmə məbləği azaldılıb, 156,7 min manat natura formasında dövlət vəsaiti bərpa edilib.