Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmidin etimadnaməsini qəbul edib.
Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
İqtisadi əlaqələrə toxunan Prezident İlham Əliyev bu sahədə əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı ticarətin həcminin artırılmasının zəruriliyini qeyd etdi. Dövlətimizin başçısı vurğuladı ki, biznes dairələri arasında qarşılıqlı səfərlərin təşkili bu işə öz töhfəsini verə bilər.
Prezident İlham Əliyev dedi ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-yenidənqurma işlərində Misir şirkətlərinin iştirakından məmnun olar və bu, əməkdaşlığımızın yaxşı nümunəsi ola bilər. Dövlətimizin başçısı qeyd etdi ki, işğaldan azad olunmuş ərazilərdə böyük həcmdə görüləsi işlər var və ermənilər tərəfindən 10 min kvadratkilometrdən çox sahəsi olan dağıdılmış ərazilərdə hazırda yenidənqurma və bərpa işləri aparılır. Prezident İlham Əliyev, eyni zamanda, digər sahələrdə də əlaqələrimizin inkişafı üçün yaxşı perspektivlərin olduğunu bildirdi. Dövlətimizin başçısı səfirə fəaliyyətində uğurlar arzuladı.
Xoş sözlərə görə minnətdarlığını bildirən səfir ölkəsinin əlaqələrimizin inkişaf etdirilməsi istiqamətində fəaliyyətdə maraqlı olduğunu vurğuladı.
Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafında hökumətlərarası birgə komissiyanın bu ilin fevralında keçirilmiş iclasının əhəmiyyəti vurğulandı.