RƏSMİ

13 Aprel

“Qeyri-şəffaf mənzərə vardı, buna son qoyuldu”

“Mən vaxtilə qarşıya vəzifə qoymuşdum ki, biz kreditlərin alınmasına çox böyük ehtiyatla yanaşmalıyıq”.

“Fins.az” xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.

“Eyni zamanda, dövlət şirkətləri hansılar ki, vaxtilə heç kimdən soruşmadan özbaşına müxtəlif kreditlər götürürdülər. Sonra da bu kreditləri qaytara bilməyəndə bu ödəniş dövlətin üzərinə düşürdü. Eyni zamanda, çox qeyri-şəffaf mənzərə müşahidə olunurdu.

Buna da son qoyuldu. İndi heç bir dövlət qurumu hökumətin icazəsi olmadan bir manat kredit götürə bilməz. Hər götürülən kredit də hökumət tərəfindən təsdiqlənir və kreditləri biz ancaq vacib olan layihələrə cəlb etməliyik, yüksək texnoloji komponenti olan layihələrə, eyni zamanda, azad edilmiş torpaqlarda həyata keçirilən layihələrə.

Digər layihələrə kreditlərin verilməsinə ehtiyac yoxdur. Məhz buna görə biz xarici dövlət borcumuzu həm mütləq rəqəmlərlə, həm ümumi daxili məhsula nisbətdə azaltmışıq. Təbii ki, ümumi daxili məhsul da artıb və hələ ki, mən rəqəm səsləndirmək istəmirəm. Amma hesab edirəm ki, əgər biz bu templərlə inkişafı davam etsək, ilin sonuna qədər çox əhəmiyyətli bir artım olacaqdır”.