RƏSMİ

03 Aprel

2022-ci ildə Azərbaycandan İtaliyaya qaz tədarükü 9,5 milyard kubmetrə çatacaq

Bunu  Azərbaycanın energetika naziri Pərviz Şahbazov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə görüşü zamanı bildirib

3 aprel. Fins.az –  ADA Universitetində “Azərbaycan-İtaliya: “Çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə aparan yol” adlı konfrans çərçivəsində energetika naziri Pərviz Şahbazovla İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Energetika Nazirliyindən jurnalistlərə bildirilib ki, görüşdə Azərbaycan və İtaliya arasında enerji əməkdaşlığının inkişafı müzakirə edilib.

İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ikitərəfli enerji əməkdaşlığının, ölkəsinin enerji təminatının və Avropa qaz bazarında mövqeyinin möhkəmləndirilməsində Trans-Adriatik Boru Kəmərinin (TAP) rolunu yüksək qiymətləndirib, TAP-ın genişləndirilməsi üzrə fəaliyyətə başlamağın vacibliyini qeyd edib.

Energetika naziri Pərviz Şahbazov da Azərbaycanın etibarlı və ən böyük ticarət tərəfdaşı olan İtaliya ilə enerji əməkdaşlığında xam neft təchizatı ilə yanaşı, TAP vasitəsilə təbii qaz tədarükünün artan əhəmiyyətindən bəhs edib. TAP ilə Avropaya artıq 10 milyard kubmetr Azərbaycan qazının çatdırıldığını vurğulayan nazir bildirib ki, böyük qaz resurslarının mövcudluğu, təbii qazın enerji keçidində mühüm rolu və qaz təchizatı mənbələrinin şaxələndirilməsinə artan maraq TAP-ın genişləndirilməsinə imkan yaradır: “Hazırkı artım tempinin davam edəcəyi təqdirdə, bu ilin sonuna qədər İtaliyaya uzunmüddətli və spot müqavilələr əsasında qaz ixracımızın 9,5 milyard kubmetrə çatacağını gözləyirik. TAP-ın genişlənməsi isə yalnız İtaliyanı deyil, Avropanın digər ölkələrini də daha çox təbii qazla təmin edə bilər. Ona görə də maraqlı tərəfləri bu prosesdə fəal iştiraka dəvət edirik”.

Məlumat üçün bildirək ki, 2021-ci ildə Azərbaycan qazının İtaliyaya nəqlinin həcmi təqribən 7 milyard kubmetr təşkil edib.

Nazir, həmçinin TAP-ın genişlənməsi ilə 10 faiz həcmində hidrogen qarışığının nəqlinin də mümkünlüyünü qeyd edib. Dənizdə külək enerjisindən istifadə ilə Avropaya “yaşıl enerji” və “yaşıl hidrogen” ixracının da gündəlikdə olduğu vurğulanaraq İtaliya şirkətləri bu əməkdaşlıq imkanlarını dəyərləndirməyə çağırılıb.

Görüşdə, həmçinin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa, İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın növbəti iclasına dair məsələlər müzakirə edilib.