RƏSMİ

15 Mart

İlham Əliyev: “Azərbaycan istəsə, xarici borcunu bir gün ərzində sıfırlaya bilər”

Azərbaycanın xarici dövlət borcu çox aşağı səviyyədədir - 7,4 milyard dollardır. Əgər istəsək, biz bu borcu bir gün ərzində sıfırlaya bilərik.

"Fins.az" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev bu gün Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, beynəlxalq maliyyə qurumları, böyük şirkətlər, investorlar Azərbaycana çox böyük maraqla yanaşırlar.

Dövlət başçısı 2022-ci ildə ölkədə iqtisadi inkişaf templərindən razı qaldığını diqqətə çatdırıb. “Yanvar-fevral aylarında ümumi daxili məhsul 6,7 faiz, qeyri-neft sektoru 10,1 faiz, qeyri-neft sənaye istehsalı təxminən 21 faiz artıb. Bütün bunlar postpandemiya dövründə əldə edilmiş nailiyyətlərdir”, - deyə İ.Əliyev vurğulayıb.

Prezident əlavə edib ki, Azərbaycanda aparılan islahatlar, sənayeləşmə siyasəti, biznes mühitinin yaxşılaşdırılması və xarici sərmayənin cəlb edilməsi istiqamətində təqdirəlayiq addımlar atılır.