RƏSMİ

15 Mart

BƏƏ bərpaolunan enerjinin inkişaf etdirilməsi və hidrogenin Avropaya ixracı məsələsində Azərbaycana dəstək olmağa hazırdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazroueinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Fins.az" xəbər verir ki,bu barədə dövlət başçısının saytında məlumat verilib.

“Əminəm ki, biz bərpaolunan enerji sahəsində uğur qazanacağıq. Dünya enerji bazarında cari vəziyyəti nəzərə alaraq hesab edirəm ki, biz daha geniş mənzərəyə nəzər sala bilərik. Əlbəttə ki, OPEC+ formatında aramızda mükəmməl əməkdaşlıq var. Mən məqsədlərimizə maksimal şəkildə çatmaq üçün potensiala, potensial sərmayələrə və bu sahədə birgə fəaliyyətə daha geniş nəzər salmağı düşünürəm”, - deyə prezident bildirib.

Öz növbəsində, nazir Suhail Al Mazrouei BƏƏ-nin bərpaolunan enerjinin inkişaf etdirilməsi məsələsində Bakını dəstəkləməyə hazır olduğunu qeyd edib.

“Birləşmiş Ərəb Əmirlikləri və “Masdar” şirkəti olaraq Sizi əmin etmək istərdik ki, bərpaolunan enerji ilə bağlı strategiyanıza dəstək olmağa sadiqik. Biz, həmçinin digər layihələrdə iştirakda maraqlıyıq. Mənim azərbaycanlı həmkarımla müzakirə apardığım kimi, məsələn, qaz mövzusu. Bugünkü vəziyyətə nəzər salsaq, mənbələrin şaxələndirilməsi üçün Azərbaycandan Avropaya daha çox qaz nəql oluna bilər. Eləcə də, hidrogen. Qaz kəmərindən istifadə etməklə gələcəkdə hidrogen Azərbaycanın ixrac edə biləcəyi yaşıl enerjinin bir forması ola bilər”, - deyə o vurğulayıb