RƏSMİ

16 İyul

6 ay ərzində bərpa edilmiş dövlət vəsaitinin həcmi açıqlandı

Fins.az xəbər verir ki, Hesablama Palatasının 2021-ci ilin altı ayı üzrə fəaliyyətinə dair məlumatı açıqlayıb.

Bildirilir ki, məlumatların təhlili dövlət maliyyəsinin bir sıra sahələrində əvvəlki illərə nisbətən müsbət dəyişikliklərin olduğunu da göstərir.

Belə ki, dövlət satınalmaları sahəsində ehtimal olunan qiymətlərin hesablanılması zamanı satınalan təşkilatların “Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanması üsulları”na riayət etməsinin dövlət resurslarının qənaətli istifadəsinə şərait yaratdığı, həmçinin müvafiq mallar (işlər və xidmətlər) üzrə ehtimal olunan qiymətlərin bazar dəyərinə uyğunlaşma meyillərinin olduğu müəyyən edilmişdir. Eləcə də, aparılmış nəzarət tədbirləri daha çox iddiaçının iştirak etdiyi satınalmaların sayının artdığını deməyə əsas verir.  Son 2 il ərzində ölkədə e-satınalma modelinin tətbiq edilməsi keçiriləcək satınalmalar barədə məlumatlara əlçatanlığın təmin edilməsini, rəqabətli satınalma metodlarının tətbiqini, satınalmalarda iştirak edən iddiaçıların sayının artmasını şərtləndirməklə son nəticədə dövlət satınalmaları sahəsində dövlət vəsaitinin səmərəli və qənaətli şəkildə istifadəsi üçün müsbət meyillərin müşahidə olunmasına dəstək verməkdədir.

Hesabat dövründə həyata keçirilmiş nəzarət tədbirlərinin nəticələrinin təhlili göstərir ki, əvvəlki illərdə Hesablama Palatasının nəzarət obyekti olmuş qurumların maliyyə-təsərrüfat fəaliyyətində Hesablama Palatasının tövsiyələrinin nəzərə alınması ilə bir sıra sahələr üzrə müsbət meyillər müşahidə olunmaqdadır. 

Nəzarət tədbirlərinin nəticələri ilə bağlı zəruri addımların atılması məqsədilə 11 kənar dövlət maliyyə nəzarəti obyektinə, eyni zamanda 3 halda onların yuxarı orqanlarına auditor hesabatı və kollegiya qərarları göndərilmiş, hər tədbirlə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Milli Məclisinə məlumat verilmişdir. 

2021-ci ilin İş Planına əsasən hesabat dövründə keçirilmiş və nəticələri rəsmiləşdirilmiş nəzarət tədbirləri üzrə aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə Hesablama Palatasının kollegiyası tərəfindən ümumilikdə 15,1 mln. manatı əhatə edən maliyyə pozuntularına dair müvafiq tədbirlərin görülməsi ilə bağlı qərarlar qəbul edilmişdir. 

Hesablama Palatasının 2021-ci ilin ilk 6 ayında və əvvəlki illərdə başa çatdırdığı nəzarət tədbirlərinin nəticəsi olaraq hesabat dövründə ümumilikdə 12,4 mln. manat, o cümlədən pul ifadəsində 10,3 mln. manat, natura ifadəsində isə 2,1 mln. manat dövlət vəsaitinin bərpası təmin edilmişdir. 

Bununla yanaşı, auditlərin nəticəsi olaraq müəyyən edilmiş vəsaitlərin təyinatının dəyişdirilməsi, maliyyə hesabatlarında təhriflərə yol verilməsi, vəsaitlərin akkreditiv hesablara köçürülməsi, vəsaitlərin əsaslı şəkildə proqnozlaşdırılmaması və istifadəsi ilə bağlı hesabatlılığın olmaması, gəlir vergisi və digər məcburi ödənişlərin tutulmaması, bəzi xərclərin dövlət satınalmalarına cəlb edilməməsi, vəsaitlərin depozit və tapşırıqlar hesablarından icrasının ilin sonuna qalıq vəsaitin geri qaytarılmaması risklərini formalaşdırması, ştat sayının optimallaşdırılmasının zəruriliyi barədə, aşkar edilmiş digər nöqsan və çatışmazlıqlarla əlaqədar səlahiyyətləri çərçivəsində tədbirlərin görülməsi üçün 10 halda aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına, eləcə də 1 halda yuxarı icra hakimiyyəti orqanına məlumat verilmişdir. 

Nəzarət tədbirinin nəticəsi üzrə 2 halda materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir.