Məcburi köçkünlər müvəqqəti yaşayış sahəsi ilə təmin olunarkən ailənin Vətən Müharibəsi Qəhrəmanı olması nəzərə alınacaq.
Fins.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması Qaydası”na dəyişiklik edib.
Vətən Müharibəsi Qəhrəmanları xüsusi mühafizə olunan təbiət ərazisinə giriş zamanı da imtiyazlı hesab olunacaq və ödənişdən azad ediləcək. Nazirlər Kabinetinin bununla bağlı isə “Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə Qaydası və ödənişin məbləği”ndə dəyişiklik edib.
Nazirlər Kabinetinin digər qərarı ilə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” da dəyişib. Qüvvədə olan Qaydaya əsasən, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə aylıq müavinət şamil edilməyib. Məcburi köçkün düşdükdən sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə də aylıq müavinət şamil olunmayıb. Bu zaman Milli qəhrəman ailələri, şəhid ailələri, I dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olub. Artıq bu istisna sırasına Vətən Müharibəsi Qəhrəmanı ailələri də daxildir.
Eyni zamanda Nazirlər Kabineti “Azərbaycan Respublikasının vəfat etmiş (həlak olmuş) vətəndaşlarına hərbi ehtiram göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi Qaydaları”nda da dəyişiklik edilib. Dəyişikliyə əsasən, “Vətən Müharibəsi Qəhrəmanı adı verilmiş, “Qarabağ” ordeni və “Zəfər” ordeni ilə təltif olunmuş şəxslər vəfat etdikdə (həlak olduqda), onlara müvafiq qanunvericiliklə müəyyən olunmuş qaydada hərbi ehtiram göstəriləcək.