Bu ilin İş Planına əsasən hesabat dövründə keçirilmiş və nəticələri rəsmiləşdirilmiş nəzarət tədbirləri üzrə aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə Hesablama Palatasının kollegiyası tərəfindən ümumilikdə 15,1 mln. manatı əhatə edən maliyyə pozuntularına dair müvafiq tədbirlərin görülməsi ilə bağlı qərarlar qəbul edilib.
Palatadan verilən məlumata görə, bu ilin ilk 6 ayında və əvvəlki illərdə başa çatdırdığı nəzarət tədbirlərinin nəticəsi olaraq hesabat dövründə ümumilikdə 12,4 mln. manat, o cümlədən pul ifadəsində 10,3 mln. manat, natura ifadəsində isə 2,1 mln. manat dövlət vəsaitinin bərpası təmin edilib.Bununla yanaşı, auditlərin nəticəsi olaraq müəyyən edilmiş vəsaitlərin təyinatının dəyişdirilməsi, maliyyə hesabatlarında təhriflərə yol verilməsi, vəsaitlərin akkreditiv hesablara köçürülməsi, vəsaitlərin əsaslı şəkildə proqnozlaşdırılmaması və istifadəsi ilə bağlı hesabatlılığın olmaması, gəlir vergisi və digər məcburi ödənişlərin tutulmaması, bəzi xərclərin dövlət satınalmalarına cəlb edilməməsi, vəsaitlərin depozit və tapşırıqlar hesablarından icrasının ilin sonuna qalıq vəsaitin geri qaytarılmaması risklərini formalaşdırması, ştat sayının optimallaşdırılmasının zəruriliyi barədə, aşkar edilmiş digər nöqsan və çatışmazlıqlarla əlaqədar səlahiyyətləri çərçivəsində tədbirlərin görülməsi üçün 10 halda aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına, eləcə də 1 halda yuxarı icra hakimiyyəti orqanına məlumat verilmişdir.
Hesabat dövründə həyata keçirilən nəzarət tədbirlərinin nəticələrinin təhlili göstərir ki, əvvəlki illərdə Hesablama Palatasının nəzarət obyekti olmuş qurumların maliyyə-təsərrüfat fəaliyyətində Hesablama Palatasının tövsiyələrinin nəzərə alınması ilə bir sıra sahələr üzrə müsbət meyllər müşahidə olunmaqdadır.
© APA