RƏSMİ

10 Mart

Azərbaycanda bu ildən “Üz verifikasiyası” proqramı tətbiq olunacaq

Data Laboratoriyasında süni intellektin tədqiqi və tətbiqi çərçivəsində verilmiş iki üz təsvirinin bənzərliyini ölçərək onların eyni şəxsə aid olub-olmadığını müəyyən etməyə imkan verən süni intellekt əsaslı “Üz verifikasiyası” proqram təminatı 2020-ci ildə hazırlanıb və uğurla sınaqdan keçirilib.

Bu, Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Sənəddə qeyd edilib ki, proqram təminatı informasiya ehtiyatlarında və sistemlərində şəxsin verilmiş üz təsvirinin məlumat bazasındakı mövcud üz təsviri ilə eyniləşdirilməsini həyata keçirərək onun autentifikasiyasını həyata keçirir və bununla da müvafiq sistemə giriş imkanlarını təyin etməyə imkan verir. Hazırlanmış proqramm təminatının 2021-ci ilin ilk yarısında Vahid Giriş Sistemində (“Asan Login”) tətbiqi nəzərdə tutulub.

Məruzədə “Üz Tanıma” sisteminin isə şəkildəki insan üzünün öncədən müəyyən edilmiş şəxslərdən hansına aid olduğunu müəyyən etdiyi və ya sistem tərəfindən tanınmayan bir üz olduğunu müəyyən etməyə imkan verdiyi qeyd olunur. Bu sistemin də ilkin proqram təminatı qurulub və kiçik baza üzərində uğurla sınaqdan keçirilib.