RƏSMİ

22 Fevral

İnvestisiya Holdinqi “AzerGold” QSC-nin fəaliyyətinin nəticələrinin diaqnostikası üçün beynəlxalq məsləhətçi şirkət cəlb edəcək

Prezident İlham Əliyev bu gün Azərbaycan İnvestisiya Holdinqinə “AzerGold” QSC-nin idarə olunması üzrə bir sıra funksiyaların verildiyi sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Prezidentinə cəmiyyətin yenidən təşkili və ləğvi; cəmiyyətin Müşahidə Şurasının və icra orqanının üzvlərinin, o cümlədən rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi həvalə edilib.

Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan İnvestisiya Holdinqinə cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi; dividend siyasətinin təsdiq edilməsi; cəmiyyətin qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi və s. səlahiyyətlər həvalə edilib.

Cəmiyyətin fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirmək məqsədilə sədr də daxil olmaqla 5 üzvdən ibarət Müşahidə Şurası yaradılır. Müşahidə Şurasının səlahiyyətləri aşağıdakılardır: cəmiyyətin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək; cəmiyyətin xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək; cəmiyyətin korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək və s.

Bundan başqa, Azərbaycan İnvestisiya Holdinqi “AzerGold” QSC-nin idarə olunmasına dair korporativ idarəetmə standartlarını, habelə onun idarəetmə orqanlarının üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi sistemini altı ay müddətində təsdiq etməli; beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtilə “AzerGold” QSC-nin hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin nəticələrinin diaqnostikasının aparılmasını üç ay müddətində təmin edib nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli; nəzərdə tutulan diaqnostika başa çatdıqdan sonra onun nəticəsindən asılı olaraq “AzerGold” QSC-nin yeni nizamnaməsinin və strukturunun layihəsini üç ay müddətində hazırlayıb razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Sərəncamın mətni dövlət başçısının saytında dərc olunub.