RƏSMİ

04 Fevral

Azərbaycanda 2026-cı ilə qədər Sosial-iqtisadi inkişaf Strategiyasının hazırlanması üçün Komissiya yaradılıb

Azərbaycanın baş naziri Əli Əsədov “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın formalaşması məqsədilə Komissiyanın yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncama əssaən, Komissiyanın sədri Azərbaycanın baş naziri, sədr müavini – iqtisadiyyat naziri Mikayıl Cabbarovdur.

Həmçinin Komissiyanın üzvləri: maliyyə naziri, əmək və əhalinin sosial müdafiəsi naziri, energetika naziri, kənd təsərrüfatı naziri, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri, ekologiya və təbii sərvətlər naziri, ədliyyə naziri, təhsil naziri, səhiyyə naziri, gənclər və idman naziri, mədəniyyət naziri, Nazirlər Kabineti Aparatının rəhbəri, Azərbaycan Respublikası Mərkəzi Bankının sədri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru. Dövlət Gömrük Komitəsinin sədri, Dövlət Statistika Komitəsinin sədri, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri, Dövlət Turizm Agentliyinin sədri və Azərbaycan Respublikası baş nazirinin köməkçisidir.

Xəbər verildiyi kimi, prezident İlham Əliyev fevralın 2-də “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabinetinə Milli Prioritetlərə uyğun olaraq “2021‒2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsini 9 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair aşağıdakı 5 Milli Prioritet reallaşdırılmalıdır: 1. dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; 2. dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; 3. rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; 4. işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; 5. təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.