Bu gün Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev virtual formatda keçirilən 71-ci Beynəlxalq Astronavtika Konqresinin iştirakçılarına müraciət edib.
Fins.az xəbər ki, müraciətdə deyir
“Kiber kosmos” mövzusuna həsr olunmuş bu ilki Beynəlxalq Astronavtika Konqresi beynəlxalq kosmik cəmiyyətin aparıcı agentlikləri, elmi mərkəzləri və təşkilatlarının rəhbərlərini, eləcə də məşhur alimlər, yüksək səviyyəli mütəxəssislər, o cümlədən özəl sektordan olan gənc tədqiqatçılar və tələbələr də daxil olmaqla on mindən çox nümayəndəni bir araya gətirib.
Cənab Prezident video müraciətində Beynəlxalq Astronavtika Konqresinin 1973-cü ildə Sovet İttifaqında yalnız bir dəfə məhz Bakıda keçirildiyini xatırladaraq ölkəmizin Konqresə ev sahibliyi etməsində xalqımızın yüksək intellektual və texniki potensialının xüsusi rolunu qeyd edib. O, həmçinin Beynəlxalq Astronavtika Konqresinin 50 ildən sonra yenidən Bakıda keçiriləcəyinin simvolik olduğunu vurğulayıb.
Cənab Prezident ölkəmizdə dövlət quruculuğu və iqtisadiyyatın müxtəlif sahələrində yüksələn xətlə olan inkişafı, o cümlədən Ümumi Daxili Məhsulun (ÜDM) artması, yoxsulluq səviyyəsinin azalması, habelə Azərbaycanın valyuta ehtiyatlarının xarici dövlət borcundan 6 dəfə çox olduğunu və xarici dövlət borcunun ÜDMnin yalnız 20%-ini təşkil etdiyini iştirakçıların diqqətinə çatdırıb.
“Bu gün Azərbaycan orbitdəki üç peyki və kosmik sahədə insan potensialı ilə dünyanın kosmik klubunun üzvüdür. 2023-cü ildə paytaxtımızda keçiriləcək Konqresin ölkəmizdə kosmik sənayenin inkişafına yeni töhfələr verəcəyinə əminəm. 2023-cü ildə beynəlxalq kosmik ictimaiyyəti Bakıda görəcəyimizə ümid edirik” – deyə cənab Prezident İlham Əliyev çıxışını tamamlayıb.
Qeyd edək ki, Beynəlxalq Astronavtika Konqresi 12-14 oktyabr tarixlərində keçiriləcək. Konqresin gündəliyində olan bir sıra plenar, texniki və xüsusi sessiyalar IAC 2020 veb saytında canlı yayımlanacaq və bu da Konqresin daha geniş auditoriyaya çatdırılmasına imkan verəcək.