RƏSMİ

22 Sentyabr

“Lisenziya müqaviləsinin forması və bağlanılma Qaydası” təsdiq edilib

“Lisenziya müqaviləsinin forması və bağlanılma Qaydası” təsdiq edilib.

Fins.az-ın məlumatına görə, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyası qərar verib.  Bu Qayda “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə) fəaliyyət növü üzrə lisenziya müqaviləsinin formasını və bağlanılma qaydasını müəyyən edir.

Qərarda bildirilir ki, sellülar rabitə xidmətləri fəaliyyət növünə hüquqi şəxs olan telekommunikasiya operatoruna lisenziya verildiyi tarixdən 30 gün müddətində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə lisenziya sahibi arasında lisenziya müqaviləsi bağlanılır. Lisenziya müqaviləsində Azərbaycan ərazisində sellülar rabitə şəbəkəsinin qurulması, istismarı, genişləndirilməsi və təkmilləşdirilməsi, bu şəbəkə vasitəsilə telekommunikasiya xidmətlərinin göstərilməsi, habelə radiotezliklərdən və nömrə resurslarından istifadə şərtləri, həmçinin tərəflərin hüquq və  vəzifələri müəyyən edilir. Lisenziya müqaviləsi yazılı formada bağlanılır.

Lisenziya müqaviləsi sellülar rabitə xidmətləri fəaliyyət növünə verilən lisenziya müddətinə bağlanılır və lisenziyanın müddəti müqavilə qüvvəyə mindiyi tarixdən hesablanır.

Lisenziya müqaviləsinin bağlanılması üçün lisenziya sahibi sellülar rabitə xidmətləri fəaliyyət növünə lisenziya verildiyi tarixdən 3 iş günü müddətində “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş qaydada ərizə ilə Nazirliyə müraciət edir. Nazirlik ərizəyə onun qeydiyyata alındığı tarixdən 5 iş günü müddətində baxaraq lisenziya müqaviləsinin bağlanılması barədə bildirişi və bildirişə əlavə olunan formaya uyğun hazırlanmış lisenziya müqaviləsinin 2 nüsxəsini lisenziya sahibinə göndərir.

Lisenziya müqaviləsinin hər 2 nüsxəsi yazılı bildirişin alındığı gündən 5 iş günü müddətində lisenziya sahibi tərəfindən imzalanır, hüquqi şəxs, xarici hüquqi şəxsin filialı və ya nümayəndəliyinin möhürü ilə təsdiq edilərək Nazirliyə təqdim olunur və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Lisenziya sahibi tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş lisenziya müqaviləsi onun daxil olduğu tarixdən 3 iş günü müddətində Nazirlik tərəfindən imzalanır və möhürlə təsdiq olunur. Qanunvericilikdə müəyyən olunmuş hallar istisna olmaqla, tərəflər bu müqavilənin imzalanmasından əsassız  olaraq imtina edə bilməzlər.

Lisenziya müqaviləsi lisenziya sahibi tərəfindən  lisenziyanın verildiyi tarixdən 30 gün müddətində bağlanılmadıqda, Nazirlik lisenziya sahibinə verilmiş lisenziyanın ləğvi ilə bağlı qanuna uyğun tədbirlər görür. Lisenziya müqaviləsi Nazirlik və lisenziya sahibi arasında bağlanıldığı tarixdən qüvvəyə minir.

Lisenziya müqaviləsi 30 gün müddətində bağlanmadıqda, sellülar rabitə xidmətləri fəaliyyət növünə verilmiş lisenziya hüquqi nəticələr yaratmır. Lisenziya müqaviləsi Mülki Məcəllədə və  “İnzibati icraat haqqında” Qanunda müəyyən edilən qaydada ləğv oluna bilər.