“Naxçıvan Muxtar Respublikasının şəhər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları” təsdiq edilib.
Fins.az-ın məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərar verib.
Bu Qaydalar Naxçıvan Muxtar Respublikasının şəhər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydalarını müəyyən edir. Şəhər və digər yaşayış məntəqələri ərazisinin təmizlənmə və yığışdırılma sistemi məişət tullantılarının (yaşayış sahələrinin ərazisində toplanmış təsərrüfat-məişət, həmçinin yaşayış və ictimai binaların, ticarət müəssisələrinin, ictimai iaşə və mədəni-məişət sahələrinin tullantılarının, küçə tullantılarının, süpürüntülərinin və digər məişət tullantılarının) məqsədyönlü yerləşdirilməsi, tezliklə kənar edilməsi, zərərsizləşdirilməsi və utilizə edilməsi tədbirlərini nəzərdə tutur.
Yaşayış əraziləri, küçə və keçidlər, mədəni-məişət obyektləri, müxtəlif müəssisələrin və təşkilatların əraziləri, parklar, meydanlar, istirahət və ictimai istifadə yerləri təmizlənmə obyektləridir. Yaşayış məntəqələri ərazisinin təmizlənməsinə ümumi tələblərdə qeyd edilib ki, şəhər və digər yaşayış məntəqələri ərazisində bərk məişət tullantıları yığılan tutumların yerləşdirilməsi üçün xüsusi sahələr ayrılmalıdır. Ayrılan sahələr açıq, döşəməli, sukeçirməyən örtüklü və imkan daxilində yaşıllıqla əhatələnmiş olmalıdır. Sahələr elə seçilməlidir ki, tullantıların iyi yaşayış sahəsinə yönəlməsin.
Tutumların sayının və həcminin müəyyən olunması üçün onlardan istifadə edəcək əhalinin sayı, tullantıların yığılma norması, tullantıların müvəqqəti saxlanılması müddəti nəzərə alınmalıdır. Tutumların həcmi tullantıların daha çox əmələ gəlmə dövründə faktiki yığıma əsasən hər bir nəfər üçün gündə azı 0,0042 m3 tullantı nəzərdə tutularaq hesablanmalıdır (tutumların sayı və həcmi kommunal-təsərrüfat qurumları tərəfindən müəyyən edilir və bu göstərici əmələ gələn tullantıların həcmindən asılı olaraq dəyişə bilər).
Yaşayış sahələrində sanitar vəziyyətin lazımi səviyyədə saxlanılması məqsədilə məişət tullantıları xüsusi avtonəqliyyatla daşınmalıdır. Yaşayış və ictimai binaların, mədəni-məişət obyektlərinin tikintisi, təmiri, bərpası zamanı əmələ gələn tullantılar tikinti təşkilatlarının nəqliyyatı ilə xüsusi ayrılmış ərazilərə daşınmalıdır. Sənaye müəssisələrinin utilizə olunmayan tullantıları bu tullantılar üçün nəzərdə tutulmuş xüsusi qurğulara və ya poliqonlara daşınmalıdır.
Ayrı-ayrı obyektlərin, həmçinin müxtəlif yaşayış sahələrinin sanitar təmizlənməsi müəyyən yaşayış məntəqəsi üçün qəbul edilmiş müqavilə-qrafik əsasında xüsusi təyinatlı avtonəqliyyat vasitələri ilə həyata keçirilməlidir. Bərk məişət tullantıları tullantı daşıyan avtomaşınla, kanalizasiya sistemi olmayan yaşayış sahələrindən isə maye tullantılar vakuum qurğulu assenizasiya avtomaşını ilə çəkilərək daşınmalıdır. Tullantılar yığılan zaman yaxınlıqda yaşayan əhalinin rahatlığı nəzərə alınmalıdır.
Məişət tullantılarının müvəqqəti saxlanılması qaydasında bildirilib ki, məişət tullantılarının əmələ gəlmə yerlərində müvəqqəti saxlanılması üçün ayrılmış xüsusi sahələrdə aidiyyəti təşkilatlar tərəfindən metal tutumlarla təmin olunmuş meydançalar hazırlanmalıdır. Zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır.
Meydançalar tutumların sayına və həcminə uyğun olaraq tikilməlidir. Bu zaman tutumlara əhalinin və tullantı daşıyan avtomaşınların yaxınlaşmasının mümkünlüyü, digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə mane olmaması meydançalardakı tutumlardan tullantıların küləklə sovrularaq ətraf ərazilərə yayılmaması, həyətlərdə uşaq meydançalarından və bağçalardan, məktəblərdən, sağlamlıq və istirahət zonalarından, mədəniyyət ocaqlarından, ictimai iaşə obyektlərindən və mağazalardan aralıda yerləşdirilməsi kimi şərtlər nəzərə alınmalıdır.
Şəxsi ev ərazilərində tutumların, həyət ayaqyolularının və çirkab quyusunun yerləşdirilməsi ev sahibləri tərəfindən müəyyən olunur. Ətraf mühitin mühafizəsi məqsədilə tullantıların yerləşdirildiyi tutumlar və meydançalar həmişə təmiz və səliqəli vəziyyətdə saxlanılmalıdır. Lazım gəldikdə tutumlar yeniləri ilə əvəz olunmalı, meydançalar təmir edilməlidir. Hər bir hüquqi və fiziki şəxs tullantıların növlər üzrə xüsusi tutumlarda yığılmasını təmin etməlidir. Müvafiq tələblərə cavab verməyən tutumlardan istifadə edilməməlidir. İstehsalat tullantılarının (təhlükəli və təhlükəsiz) və təkrar xammalın məişət tullantıları üçün nəzərdə tutulmuş tutulmalarda yerləşdirilməsinə yol verilmir.
Tullantıların tutumlarda yığılması zamanı onların daşmasına və ətrafa səpələnməsinə yol verilməməlidir. Tullantılar ancaq onlar üçün nəzərdə tutulmuş tutumlarda müvəqqəti saxlanılmalıdır. Tullantıların tutumlar qoyulmuş meydançadan kənarda yerləşdirilməsinə, yandırılmasına yol verilmir. Əkin sahəsi və bostanlarda bərk və maye məişət tullantılarının yerləşdirilməsi yolverilməzdir.
Bərk məişət tullantılarının yığılması qaydasında deyilib ki, tullantıların tutumlarda müvəqqəti saxlanılması zamanı onların çürüməsinə yol verilməməlidir. Buna görə də tullantılar bir gündən çox qalmamalı, yəni hər gün daşınmalıdır. Metal tutumlar müntəzəm olaraq yuyulmalı və dezinfeksiya edilməli (“dəyişilməz” sistemində 10 gün müddətində bir dəfədən az olmamaq şərtilə, “dəyişilən” sistemdə-boşaldıqdan sonra), taxta tutumlar isə hər dəfə boşaldıqdan sonra dezinfeksiya olunmalıdır.
Tullantıların yığılmasını səmərəli təşkil etmək məqsədilə qiymətli komponentlər (yeyinti və toxuculuq məhsullarının tullantıları, müxtəlif metallar, kağız və s.) ayrı-aynlıqda toplanmalıdır. Çoxmərtəbəli (5 mərtəbədən artıq) yaşayış binalarında tullantı borusu quraşdırıla bilər.
Tullantı qəbuledici kameranın (kamera-tullantı borusunun çıxışında tutumlar qoyulmuş qapalı sahədir) girişi binanın və digər otaqların girişindən təcrid olunmalıdır. Kameranın döşəməsi su keçirməyən örtüklü və binaya girişlə eyni səviyyədə olmalıdır. Kamerada qoyulmuş tutumlar dolduğu halda tullantıların kameranın döşəməsinə boşaldılması yolverilməzdir (tullantı qəbuledici kamerada bir sutka müddət nəzərə alınmaqla ehtiyat tutumlar olmalıdır). Kameralarda girişindən tullantıların kənara çıxması, tutumların tullantı yığan avtomaşınlar gələnə qədər kameradan çıxarılması yol verilməzdir.
Tullantı boruları və tullantı qəbuledici kamera saz vəziyyətdə saxlanılmalıdır. Boruda kipləşdirmə və səsboğmaq məqsədilə binaların pilləkən meydançalarındakı tullantı boşaltma qapaqları rezin materiallı kipləşdiricilərlə təmin olunmalıdır (kipləşdiricilər zədələndiyi halda yeniləri ilə əvəz olunmalıdır). Boruların hər həftə təmizlənməsi, dezinfeksiya olunması üçün şərait yaradılmalıdır. Dezinfeksiya tədbirləri Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təsdiq etdiyi təlimatlar üzrə və Naxçıvan Muxtar RespublikasınınSəhiyyə Nazirliyi tərəfindən icazə verilmiş maddə və məhlullardan istifadə etməklə binaların istismarı üzrə təşkilatlar, müəssisə və idarələrin yaşayış şöbələri, binaların məsul şəxsləri tərəfindən aparılır.
Tullantı borularının və tullantı qəbuledici kameraların ətrafı təmiz saxlanmalı, kamera tikilisindən başqa məqsədlər üçün istifadə edilməməlidir. Tullantı daşıyan avtomaşınların kameraya yan almasına maneçilik törədə bilən əşyalar və tikililər olmamalıdır. Bazarlarda, xəstəxanalarda, məktəblərdə və uşaq bağçalarında əmələ gələn tullantıların bir gündən artıq saxlanması xüsusilə yolverilməzdir.
Maye məişət tullantılarının yığılması qaydasında bildirilib ki, kanalizasiya sisteminə birləşdirilməmiş evlərdə və digər ev təsərrüfatlarında əmələ gələn maye məişət tullantılarının yığılması məqsədilə yerüstü hissəsi qapaq və barmaqlıqla (bərk fraksiyaların ayrılması üçün) təmin olunmuş, divarları və dibi sukeçirməz olan çirkab quyusu hazırlanır. Həyətdə bir neçə ayaqyolu olduqda çirkab quyusu ümumi olmalıdır.
Həyət ayaqyoluları yaşayış binalarından, uşaq bağçalarından və məktəblərdən, uşaq oyunları meydançalarından və əhalinin istirahət yerlərindən mümkün qədər aralıda, 20-100 metr məsafədə olmalıdır. İctimai ayaqyolularının çirkab quyusunun dərinliyi qrunt sularının səviyyəsindən asılıdır, lakin 3 metrdən artıq olmamalıdır. Quyunun, yer səthinə 0,35 metr məsafə qalan qədər çirkablarla dolması yolverilməzdir. Quyu, dolma həddindən asılı olaraq yarım ildə bir dəfədən az olmamaq şərtilə təmizlənməlidir.
Məişət tullantılarının daşınmasına tələblərdə qeyd edilib ki, məişət tullantılarının daşınmasını, xüsusiləşdirilmiş avtonəqliyyat vasitəsilə, yerli icra hakimiyyəti orqanlarının kommunal-təsərrüfat qurumları, həmçinin müvafiq təşkilatlarla müqavilə bağlamış və tullantıların daşınması və emalı ilə məşğul olan fiziki və hüquqi şəxslər həyata keçirə bilər.
Tullantıların daşınmasını həyata keçirənlər onun avtomaşınlara yükləndiyi andan qəbul edən hüquqi və fiziki şəxsə çatdırılana qədər ətraf mühitin və insanların sağlamlığının təhlükəsizliyinə görə məsuliyyət daşıyırlar. 6.3. Tullantılar daşınarkən bu məqsədlə ayrılmış avtomaşınların yük yerinin üstü tullantılar yükləndikdən sonra onların ətraf ərazilərə səpələnməsinə yol verilməməsi üçün sukeçirməyən örtüklə kip örtülməlidir.
Məişət tullantılarının boşaldıldığı yerdə (poliqonda) avtomaşınların yuyulması və dezinfeksiyası üçün məntəqə olmalıdır və avtomaşınlar boşaldıqdan sonra məntəqədə onların yuyulması və dezinfeksiyası təmin edilməlidir. Poliqonda məntəqə olmadıqda avtomaşınlar marşrutdan qayıdan kimi müəssisənin məntəqəsində (müəssisədə də bu cür məntəqə nəzərdə tutulmalıdır) yuyulmalı, dezinfeksiya edilməli və yeni marşruta hazır vəziyyətə salınmalıdır.
Avtomaşınlar yuyularkən əmələ gələn tullantı sulara məişət tullantılarının qalıqlarının düşməməsi üçün poliqonda avtomaşınlardan yük tam boşalmalıdır. Əmələ gələn tullantı suları məntəqənin yaxınlığında hazırlanmış hovuza yığılmalıdır. Hovuz torpaqdan təcrid olunmalı və 2-3 pilləli mexaniki çökdürmə sistemi ilə təmin edilməlidir. Çökdürülən tullantı suları zərərsizləşdirildikdən sonra kanalizasiya xəttinə axıdılmalı, yığılan çöküntülər isə poliqona daşınmalıdır. Təhlükəli tullantıların daşınmasına əlavə tələblər müvafiq qanunla müəyyən edilir.
Tullantıların zərərsizləşdirilməsi qaydasında deyilib ki, bərk və maye məişət tullantılarının zərərsizləşdirilməsi Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər və Səhiyyə Nazirliyinin icazəsi əsasında xüsusi ayrılmış ərazilərdə (poliqonlarda) və ya xüsusi emal və zərərsizləşdirmə qurğularında həyata keçirilir. Tullantıların istənilən ərazilərdə yerləşdirilməsinə, həmçinin kənd təsərrüfatı sahələrində gübrə kimi istifadəsinə yol verilmir.
Bərk məişət tullantılarının saxlanılması və zərərsizləşdirilməsi məqsədilə obyektlərin tikintisi üçün yer seçərkən Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin və yerli icra hakimiyyəti orqanlarının razılığı ilə xüsusi (geoloji, hidroloji və s.) araşdırmalar aparılmalı və lazım gəldikdə ictimai rəy nəzərə alınmalıdır.
Tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin, habelə bu məqsədlə qurğuların, poliqonların tikinti layihələrinin qanunvericiliklə müəyyən olunmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir. Bərk məişət tullantıları təkmilləşdirilmiş poliqonlara, kompostlaşdırma müəssisələrinə, emal və xüsusiləşdirilmiş yandırma qurğularına, maye məişət tullantıları isə assenizasiya və ya təmizləyici qurğu stansiyalarına daşınmalıdır. Nəzarət edilməyən məişət tullantıları üçün poliqonların təşkili yolverilməzdir.
Poliqonlar üçün ayrılmış sahələr aşağıdakı tələblərə cavab verməlidir:
Sahənin ərazisi günəş şüaları və küləyin təsiri üçün açıq, qrunt sularının səviyyəsi poliqonun təməlindən ən azı 1 metr aşağı olmalıdır (suların səviyyəsi yuxarı olduqda, drenaj və sukənarlaşdırıcı qurğular tikilməlidir). Çay, göl, açıq su hövzələrinin sahillərində, kənd təsərrüfatı sahələrinin, şəhər və digər yaşayış məntəqələrinin və təbii abidələrin yaxınlığında (sanitar-ekoloji mühafizə zonaları nəzərə alınmaqla), yaşıllıq ərazilərində və meşələrdə poliqonlar üçün sahələrin ayrılması və təşkili yolverilməzdir. Şəhər və digər yaşayış məntəqələri, meşə-park, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, habelə içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində, eyni zamanda faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə və yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılması qadağandır.
İstifadəyə yararsız məişət tullantılarının həcminin azaldılması məqsədilə onların yandırılması üçün ekoloji-sanitar standartlara cavab verən xüsusi qurğular sobalar quraşdırılmalıdır. Sobalarda məişət tullantılarının tam yanması üçün lazımi temperatur rejiminə riayət olunmalıdır və yandırılan zaman ətraf mühitə zərərli təsirin qarşısını almaq məqsədilə soba xüsusi avadanlıqla təmin olunmalıdır. Tullantıların yandırılmasından əmələ gələn qalıqlar (kül) poliqonda basdırılmalıdır.
Poliqona gətirilən məişət tullantılarının uçotu poliqonun müvafiq işçiləri tərəfindən aparılır. Uçotda gətirilən tullantıların həcmi (avtomaşının tipi və onun yük yerinin həcminə əsasən hesablanır), tullantıların tərkibi, kim tərəfindən və hansı tarixdə gətirilməsi və s. məlumatlar göstərilir. Kənar şəxslərin poliqon ərazisinə daxil olmasının qarşısını almaq məqsədilə ərazi perimetri boyu çəpərlənərək keçidin qadağan olunduğu barədə xəbərdaredici qeydləri olan plakatlar qoyulmalıdır. Bu sahədə cavabdeh - balansında həmin poliqon olan hüquqi və ya fiziki şəxsdir. Tullantıların emalı zamanı ətraf mühitə və insan sağlamlığına real və potensial təhlükənin qarşısı alınmalıdır.
Yaşayış və istirahət yerlərinin təmizliyinə görə cavabdehlik qaydalarında deyilib ki, küçələrin, həyətlərin və şəhər və digər yaşayış məntəqələrinin digər ərazilərinin, həmçinin ümumi istifadə yerlərinin və çimərliklərin təmiz saxlanılması vəziyyətinə nəzarəti Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi həyata keçirilir.
Şəhər (rayon) icra hakimiyyətləri tərəfindən maye və bərk məişət tullantılarının əmələgəlmə norması (1 nəfər/1 il hesabı ilə), müəssisə, təşkilat, idarələr tərəfindən yığışdırılacaq ərazilərin siyahısı, küçələrin, meydançaların və keçidlərin mexanikləşdirilmiş təmizlənməsi, həm də onların yay və qış mövsümlərində təmizlənmə növbəsinin siyahısı müəyyən edilir.
Balansında yaşayış binaları olan müəssisə, idarə və təşkilatlar, binalar üzrə məsul şəxslər cavabdeh olduğu ərazilərin, tullantı kameralarının təmiz, tutumların saz vəziyyətdə saxlanılmasını təmin etməyə, bunlar üçün meydançaların müntəzəm yuyularaq dezinfeksiya edilməsinə, tutumlar üçün sukeçirməyən örtüklə döşənmiş meydançalar hazırlamağa, yeyinti tullantılarının, küçə və həyət süpürüntülərinin yığışdırılıması üçün inventarlarla təmin etməyə, əhali arasında izahat işləri aparmağa və onları yaşayış yerlərinin təmiz saxlanılması qaydalarının həyata keçirilməsi tədbirlərinə cəlb etməyə, məişət tullantılarının vaxtlı-vaxtında daşınması üçün tədbirlər görməyə və tullantıların uçotunun aparılmasına borcludurlar.
Kommunal-təsərrüfat qurumları, həmçinin tullantıların emalı ilə məşğul olan fiziki və hüquqi şəxslər yaşayış binalarının, müəssisə və təşkilatların, meydanların, küçələrin, bağların və s. ərazilərindən məişət tullantılarının vaxtlı-vaxtında yığışdırılmasını və daşınmasını təmin etməyə, hər bir xüsusiləşdirilmiş avtomaşın üçün marşrut qrafikini tərtib etməyə, istismar şəraitinin dəyişməsinə uyğun olaraq marşrut qrafikində dəyişiklik etməyə, təsdiq olunmuş marşrut qrafikinin dəqiq yerinə yetirilməsini təmin etməyə, tullantıların tam yığışdırılmasını və poliqonlarda yerləşdirilməsini təmin etməyə, tullantıların daşınması üzrə xüsusiləşdirilmiş avtomaşınların başqa məqsədlər üçün istifadə edilməməsinə, tullantıların qarışmasına yol verməməyə, tullantılar avtomaşınlara yükləndiyi andan onu qəbul edən hüquqi və fiziki şəxsə çatdırılana qədər tullantıların ətrafa səpələnməsinin qarşısını almağa, ətraf mühitin və insanların sağlamlığının təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirlər görməyə, məişət tullantılarının yığışdırılaraq daşınması üçün bağlanmış müqavilələrin bütün şərtlərini tam şəkildə yerinə yetirməyə, tullantıların uçotunu aparmağa borcludurlar.
Bələdiyyələr tərəfindən bələdiyyə torpaqlarının tullantılarla çirklənmədən qorunması, əhali arasında yaşayış yerlərinin təmiz saxlanılması qaydalarına riayət edilməsi barədə izahat işlərinin aparılması və onların bu cür tədbirlərə cəlb edilməsi kimi işlər həyata keçirilir.
Məişət tullantılarının uçotunun aparılması qaydasında deyilib ki, məişət tullantılarının uçotunun aparılması il ərzində əmələ gələcək tullantıların həcminin əvvəlcədən proqnozlaşdırılmasına imkan verir. Bu proqnozlar əsasında tullantıların yığışdırılması ilə məşğul olan avtonəqliyyat müəssisəsinin gücünün, tutumların sayının və həcminin, tullantıların zərərsizləşdirilməsi üçün ayrılan vəsaitin miqdarının, poliqonların gücünün və s. hesablanmasına şərait yaradır. Məişət tullantılarının uçotunun aparılması üçün aşağıda göstərilən uçot cədvəlindən ibarət "Məişət tullantılarının uçotu kitabı" hazırlanmalıdır.
Qərar iyulun 23-dən qüvvəyə minib.