Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 145 il ötür.
Fins.az xəbər verir ki, ölkədə ilk mətbu orqanın - əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.
“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşdı. Lakin “Əkinçi”nin ömrü uzun sürmədi. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başladı və sonda qəzetin nəşrini dayandırdı.
Həmin dövrdən etibarən müxtəlif tənəzzül və intibah dövrləri ilə tarix yazan Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. 1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.
Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib. Sözsüz ki, bütün bu proseslərin əsas iştirakçıları, əldə olunan nəticələrin əsas səbəbkarları Azərbaycan jurnalistləridir.
Fins.az kollektivi də milli mətbuatımızın keçiyində dayanan,ölkəmizi zəruri informasiya ilə təmin edən bütün jurnalistləri təbrik edir hər bir mətbuat işçisinə bu yoda davamlı əzmkarlıq və uğur arzulayır.
Müəllif:Aynur Qəniyeva