RƏSMİ

16 İyul

Bu ilin I yarısında Azərbaycan sosial istiqamətdə 5 milyard manat xərcləyib

Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsinin xərcləri proqnozdan 105 milyon manart artıq icra olunub. 

Fins.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Maliyyə naziri Samir Şərifov bildirib.

Nazir həmçinin deyib ki, hesabat dövründə dövlət büdcəsindən maliyyələşdirilməsi nəzərdə tutulmuş bütün dövlət vəzifələrinin, sosial proqram və layihələrin icrası tam həcmdə təmin edilib: "Belə ki, altı ay ərzində maliyyələşdirilmiş 11 milyard 734,1 milyon manat büdcə xərclərinin tərkibində sosialyönümlü xərclərin xüsusi çəkisi 42,5% olub və yaxud 4 milyard 984 milyon manat təşkil edib. 2019-cu ilin eyni dövrü ilə müqayisədə cari ilin altı ayında səhiyyə xərclərinə 75,8% və yaxud 287 milyon manat, təhsil xərclərinə 53,5 faiz və yaxud 517 milyon manat, sosial müdafiə və sosial təminat xərclərinə 13,2% və yaxud 196 milyon manat, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi xərclərinə 85,3% və yaxud 260 milyon manat çox vəsait yönəldilib".

S. Şərifov qeyd edib ki, dövlət investisiya proqramı çərçivəsində investisiya layihələrinin həyata keçirilməsi üçün ayrılmış vəsaitin 44,3%-nin və yaxud 1 milyard 835 milyon manatının maliyyələşdirilməsi təmin edilib. Dövlət borcuna xidmətlə bağlı xərclər isə 881 milyon manat təşkil edib.