RƏSMİ

16 Aprel

Nazirlər Kabineti baytarlıq xidməti və nəzarəti tədbirlərinə görə alınan xidmət haqqını müəyyənləşdirəcək

Nazirlər Kabineti baytarlıq xidməti və nəzarəti tədbirlərinə (“Dövlət rüsumu haqqında” qanunda nəzərdə tutulmuş tədbirlər istisna olmaqla) görə alınan xidmət haqqının məbləği təsdiqləyəcək.

Fins.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 22 noyabr tarixli 316 nömrəli və “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti baytarlıq xidməti və nəzarəti tədbirlərinə (“Dövlət rüsumu haqqında” qanunda nəzərdə tutulmuş tədbirlər istisna olmaqla) görə alınan xidmət haqqının məbləğini 3 ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.

 

Qeyd edək ki, “Baytarlıq haqqında” qanuna əsasən, həmin baytarlıq xidməti və nəzarəti tədbirləri aşağıdakılardır:

- ölkədə istehsal olunan və idxal edilən baytarlıq preparatları, yem və yem əlavələrinin istifadə üçün təqdim edilən seriyalarının (partiyalarının) aprobasiyası, sınağı, ekspertizası, qeydə alınması və keyfiyyətin müəyyən edilməsi xərcləri;

- heyvanların identikləşdirilməsi (kodlaşdırılması) və heyvanlar üçün yem və bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatı xərcləri;

- heyvanların dehelmintizasiyası, obyektlərin dezinfeksiyası, dezinseksiyası, deratizasiyası (məcburi dezinfeksiya, dezinseksiya və deratizasiya və dövlət sərhədinin buraxılış məntəqələrində nəqliyyat vasitələrinin dezinfeksiyası istisna olunmaqla) və heyvan mənşəli məhsulların və xammalın baytarlıq (baytarlıq-sanitariya) ekspertizası xərcləri;

- müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahıya daxil edilmiş xüsusi təhlükəli heyvan xəstəlikləri istisna olmaqla, digər xəstəliklərin qanunvericiliklə müəyyən edilmiş qaydada profilaktikası, diaqnostikası, müalicəsi və ləğvi xərcləri;

- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada baytarlıq sənədlərinin verilməsi xərcləri.