MTRŞ-ya sədr seçilən İsmət Səttarovun yerinə - ARB Media Qurupunun sədri vəzifəsinə yeni rəhbər təyin olunub.
Fins.az xəbər verir ki, bundan sonra şirkətə tanınmış telejurnalist Radik İsmayılov rəhbərlik edəcək.
O bu təyinatadək ARB 24 kanalının icraçı direktoru vəzifəsində çalışırdı.
Radik İsmayılov 9 oktyabr 1979-cu ildə Ermənistan SSR Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. 1996-cı ildə Suraxanı rayonundakı 278 saylı orta məktəbi fərqlənmə attestatı ilə bitirib. Elə həmin il Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 1996-2000-ci illərdə bakalavr pilləsində təhsil alıb, 2001-ci ildə magistratura pilləsinə daxil olub və 2003-cü ildə fərqlənmə diplomu ilə bitirib. 2004-2007-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun əyani aspirantura şöbəsində təhsilini davam etdirib, "Qloballaşma prosesində Azərbaycanın inkişafının bəzi sosioloji aspektləri" mövzusunda dissertasiya işini uğurla müdafiə edərək Sosiologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. "Ekstremal jurnalistika (praktik vəsait)" kitabının həmmüəlliflərindən biri, jurnalistikaya dair 2, qloballaşmaya dair 8 elmi məqalənin müəllifidir. Universitetdə bakalavr təhsili aldığı illərdən müxtəlif media qurumlarında çalışan Radik İsmayılov Lider televiziyası Xəbərlər xidmətinin baş redaktorunun 1-ci müavini, CBC telekanalının redaktoru vəzifələrində işləyib.
Daha sonra o, "ARB 24”də baş redaktor vəzifəsində çalışıb.