Prezident İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub, həmçinin dövlətimizin başçısı Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsindəki piyada keçidinin açılışında iştirak edib.
Ölkə rəhbəri Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanışlıq zamanı respublikamızda yol infrastrukturunun inkişafı barədə danışarkən bildirib ki, son illər ərzində Bakıda bir çox yol-nəqliyyat layihələri layihələri reallaşdırılmasaydı, bu gün paytaxtda tıxacdan tərpənmək mümkün deyildi.
Dövlətimizin başçısı daha sonra deyib: “Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanda yol təsərrüfatının keyfiyyətini ən yüksək qiymətlərlə fərqləndirir və yolların keyfiyyətinə görə biz dünyada 30-cu yerlərdəyik. Ancaq əhali artır, fəallıq artır. Baxmayaraq ki, indi koronavirus dövründə iqtisadi fəallıq aşağı düşüb, amma bu, müvəqqəti məsələdir. Bu xəstəliyə qarşı mübarizə yekunlaşandan sonra iqtisadi fəallıq bərpa ediləcək”.
Prezident İlham Əliyev nitqində diqqəti Bakı-Sumqayıt yolunun müasirləşdirilməsi istiqamətində görülən işlərin əhəmiyyətinə də yönəldərək, bildirib ki, əvvəllər bu magistralda hərəkət çox intensiv xarakter daşıyırdı. Bu da təsadüfi deyildi. Çünki Bakı ilə Sumqayıt elə bil ki, birləşib, bir çox adamlar Bakıda işləyib Sumqayıtda yaşayırlar və əksinə. Ona görə bu yolun strateji xarakterini nəzərə alaraq, - eyni zamanda, bu, şimal istiqamətə gedən yoldur, - bu layihənin icrası zərurəti qarşıya çıxdı.
Dövlətimizin başçısı çıxışının sonunda Bakı-Sumqayıt yolunun müasirləşdirilməsinin texniki cəhətdən asan layihə olmadığını xatırladaraq bildirib: “Çünki çoxlu köçürülmələr, yeni körpülərin tikintisi, bəzi obyektlərin köçürülməsi nəzərdə tutulur. Bu nəqliyyat layihəsinin icrası Dövlət İnvestisiya Proqramında da nəzərdə tutulur. Ona görə piyada keçidlərinin tikintisi, - bu istiqamətdə də son illər böyük işlər görülüb və vətəndaşların təhlükəsizliyi üçün bunun çox böyük əhəmiyyəti var, - yol infrastrukturunun müasirləşdirilməsi, tıxacların azalması və aradan qaldırılması istiqamətində əlavə addımlar atılacaqdır. Əlbəttə, Azəravtoyol, Bakı Nəqliyyat Agentliyi, nəqliyyatla məşğul olan digər qurumlar həm yolların genişləndirilməsi, həm də keyfiyyəti ilə bağlı bütün bu işləri əlaqəli şəkildə aparmalıdırlar. Eyni zamanda, yollarda tənzimləyici qaydaların tətbiq edilməsi nəticəsində “yaşıl dəhlizlər”in yaradılması da nəzərdə tutulur və bu istiqamətdə işlər aparılır. Ona görə bu işləri davam etdirmək lazımdır. Yol və bütün qovşaqlar nəzərdə tutulmuş vaxtda, yəni, təqribən iki aya və maksimum üç ay ərzində istifadəyə verilməlidir. Bu, insanlara rahatlıq gətirəcək və bu yolda tıxacların yaranmasına imkan verməyəcək”.
Buradan aydın görünür ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əhalinin sosial məsələlərinin həllinə, onların sosial rifahının daha da yaxşılaşdırılmasına dövlət səviyyəsində xüsusi diqqətlə yanaşılır və bununla bağlı ardıcıl layihələr icra olunur. Ölkəmizdə, ümumilikdə, sosial infrastrukturun yenilənməsi istiqamətində həyata keçirilən işlər dünyada bu sahədə tətbiq olunan ən müasir standartlara cavab verir. Son illərdə Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Azərbaycanda dəmir yolunun müasirləşdirilməsi istiqamətində də çox mühüm və ardıcıl layihələr həyata keçirilib. Bu, ölkəmizin iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, Azərbaycanda dövlət səviyyəsində sosial sahəyə olan diqqəti də aydın göstərir.
Görülən işlər nəticəsində Azərbaycanda yaradılan ən müasir yol-nəqliyyat infrastrukturu, ilk növbədə, vətəndaşların rahatlığına xidmət edir. Bu layihələr sırasında Abşeron dairəvi dəmir yolu xəttinin yenidən qurulması böyük əhəmiyyət daşıyır. Bu layihənin reallaşması paytaxt ətrafındakı qəsəbələrdə yaşayan sakinlərin rahat və təhlükəsiz şəkildə şəhər istiqamətinə və geriyə, mənzil başına çatmasına hərtərəfli imkan yaradır.