RƏSMİ

18 Mart

Enerji və spirtli içkilərlə bağlı qərar sabahdan qüvvəyə minir

Baş nazir Əli Əsədovun “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” 17 fevral 2020-ci il tarixli qərarı martın 19-dan qüvvəyə minir.

Fins.az xəbər verir ki, qərarla ölkəyə idxal edilən tütün məmulatları, enerji və spirtli içkilər üçün aksiz dərəcələri artırılıb.

Qərara əsasən, aksiz dərəcəsi tərkibində tütün olan siqarillalar və tərkibində tütün əvəzləyicisi olan siqarillaların 1 000 ədədi üçün 20 manatdan 31 manata qaldırılıb.

 

Aksiz dərəcəsi tərkibində tütün olan siqaretlər və tərkibində tütün əvəzləyicisi olan siqaretlərin 1 000 ədədi üçün isə 28 manatdan 39 manata qaldırılıb.

Enerji içkilərinin aksiz dərəcələri hər litr üçün 3 manatdan 3,1 manata, səməni pivəsinin hər litri üçün 1,7 manatdan 1,9 manata qaldırılıb.

Tərkibində spirtin miqdarı 9,0 faizdən az olan digər tündləşdirilməmiş alkoqollu içkilərin hər litri üçün aksiz dərəcəsi isə 1,9 manat müəyyənləşib.

Viskilər, rom və digər spirtli tinkturalar, şəkər qamışının qıcqırdılmış məhsullarının qovulması nəticəsində alınan məhsullar, cin və ardıc tinkturası, araq və likörlərin bir litri üçün nəzərdə tutulan məbləğ 10 manatdan 11.2 manata qaldırılıb.

Üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturaların hər litri üçün  aksiz dərəcəsi isə 10 manatdan 7,2 manata endirilib.