RƏSMİ

03 Mart

Azərbaycan Prezidenti Rostovun qubernatorunu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Rusiya Federasiyasının Rostov vilayətinin qubernatoru Vasili Qolubevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Fins.az xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib:

-Xoş gəlmisiniz, sizi görməyə çox şadam. Əminəm ki, səfəriniz məhsuldar və xoş olacaq. Bizi qədim dostluq telləri bağlayır. Şadam ki, bu gün bizə gəlmisiniz. Əlbəttə, sizin səfərinizin gündəliyi yetərincə zəngindir. Bildiyimə görə, çoxlu görüşləriniz olacaq. Mənim fikrimcə, bu görüşlərin hamısı çox konstruktiv olacaq və onların nəticələrinə əsasən gələcək əməkdaşlıq yollarını planlaşdıracağıq. Ona görə ki, həm əmtəə dövriyyəsinin artırılması, həm də investisiya layihələrinin, mədəni layihələrin həyata keçirilməsi sahəsində böyük potensial var. Ümumiyyətlə, biz qonşuyuq, demək olar ki, eyni regionda yaşayırıq. Buna görə də, kənd təsərrüfatı istiqamətləri ümumiyyətlə oxşardır. Odur ki, kooperasiya üzrə istiqamətlər çoxdur. Bildiyiniz kimi, biz sizin kənd təsərrüfatı texnikasından fəal istifadə edirik və bizim fermerlər razıdırlar. Beləliklə, görüləsi işlər çoxdur, gündəlik zəngindir. Ümidvaram ki, səfəriniz çox səmərəli olacaq. Bir daha xoş gəlmisiniz.

Rostov vilayətinin qubernatoru Vasili Qolobev dedi:

-Sağ olun, İlham Heydər oğlu. Əvvələn, səmimi qəbul üçün Sizə təşəkkür edirik. Biz artıq işə başlamışıq və xeyli görüşlər olub. Biznes nümayəndələri işləyirlər. Bilirəm ki, bu layihələr çox konkretdir, hər iki tərəfin marağına uyğundur. Bu, Sizin dediyiniz kimi, maşınqayıranlara da, “Waterfall PRO” şirkətinə də aiddir. Polimerlər istehsal edən bu şirkət xammalı Azərbaycandan alır. Potensial böyükdür, təqribən 60 min ton məhsuldan söhbət gedir. Ümidvaram ki, həmin şirkətlərlə əldə edilmiş razılaşmalar reallaşacaq. Onlar praktiki olaraq reallaşmağa başlayıb. Rostov vilayəti geniş şaxələndirilmiş regiondur. Son illərdə bizdə sənaye sektorunun, aqrar sənaye sektorunun inkişaf dinamikası yaxşıdır. Turizm potensialının inkişaf etdirilməsi üçün gözəl imkanlarımız var. Bir neçə şirkət elə bu gün əlaqələrin inkişafı barədə sazişlər imzalamağa hazırdır – sabah bu sazişlər imzalanacaq.

Mən humanitar əməkdaşlıq mövzusunu ayrıca qeyd etmək istərdim. Bizim ali məktəblər arasında əməkdaşlıq haqqında bu gün də müqavilələr var. Bilirəm ki, bizim Rostov Dövlət Texniki Universitetinin, Cənub Federal Universitetinin və bir sıra başqa ali məktəblərin konkret əlaqələri reallaşıb. Çox xoşagələn haldır ki, bu tərəfdaşlıq münasibətləri qədim tarixə malikdir.